Məktəblərdə konfet formada narkotik paylanır yoxsa təxribatdır? - bir qətlin sirri/Rəsmi

Məktəblərdə konfet formada narkotik paylanır yoxsa təxribatdır?
Son vaxtlar müxtəlif sosial şəbəkələr vasitəsilə azyaşlıların və onların valideynlərinin narahatlığına səbəb olan məlumatlar paylaşılır

FİA.Az-ın verdiyi məlumata görə,
analoji hal yanvarın 25-də də qeydə alınıb.

Belə ki, "WhatsApp" messenceri vasitəsilə insanlara məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanıldığı barədə məlumat göndərilib.

Həmin məlumatda deyilir ki, Bakının 23 saylı orta məktəbində şagirdlərə belə "konfet"lər paylanılıb.

Ağızda şişərək partlayan bu vasitələrin digər məktəblərdə də şagirdlərə paylanılması təhlükəsinin qaldığı bildirilir. Eyni zamanda, həmin “konfet”lərin tərkibində narkotik vasitə olduğu iddia edilir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov dövlət qurumlarının məsələni nəzarətə götürdüyünü açıqlayıb:

“Hesab edirəm ki, belə yalan və insanların narahatlığına səbəb olan dezinformasiyaların yayılması ciddi qanun pozuntusudur.

Qanunvericiliyə uyğun olaraq, həmin xəbəri paylaşan insanlar məsuliyyətə cəlb ediləcək. Həmin məsuliyyətə uyğun barələrində cinayət işi açılacaq və cəzalandırılacaqlar”.

Komitə sədrinin sözlərinə görə, əvvəllər də Azərbaycana, azərbaycanlılara qarşı ciddi təxribatlar olub. Budəfəki hərəkətlər də həmin təxribatların tərkib hissəsidir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ictimaiyyətin narahatlığına səbəb olmuş bu məlumatların heç bir əsası yoxdur.

Qeyd edək ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanmış oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıbmış. Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb.

Bu təxribatın xaricdən yoxsa daxildən gəldiyi hələlik açıqlanmır. Araşdırmalar provokatorların kimliyini üzə çıxaracaq.

Seçki ilində ölkəmizə qarşı müxtəlif təxribatlar, informasiya təxribatı gözləniləndir. Amma bu təxribat bir hadisəni xatırlamağı zəruri edir.

FİA.Az-ın verdiyi məlumata görə, ötən il Bakının Qızıldaş qəsəbəsində baş verən ölüm işinin üstü indiyə qədər açılmayıb.

2004-cü il təvəllüdlü Toğrul Sultanovun qətlinin sifarişçisi və icraçısı hələ də azadlıqda gəzir.

Hazırda bu uşağın işi ATV-də gedən "Bizimləsən" verilişində müzakirə olunur. Ailəsi iddia edir ki, Toğrula konfet kağızda olan psixotrop maddə verilib.

Mərhumun atası deyir ki, oğlu martın 15-də evdən çıxıb və bir də geri qayıtmayıb: "Qəsəbəni axtardıq, gəzdik, hər yerə xəbər elədik.

Polisə müraciət etdik ki, uşaq yoxdur. Nə isə axtarışlardan sonra onun qəsəbədən 400 metr aralıda gölməçənin qırağında meyitini tapdıq.

Heç ona gölməçə də demək olmaz, heç dizə qədər orda su yoxdur. Uşağı götürüb ekspertizaya apardıq. Tibbi ekspertizanın da rəyi də belə oldu ki, Toğrul öldürülüb".

Z.Sultanov hadisənin söyüş üstündə olduğunu bildirib: "Bu işə qədər bizi hədələyən adamlar var idi. Elə bizim qəsəbədə yaşayırlar. Bu söz-söhbət də ailə münaqişəsi üstündə yaranıb.

Mənim qaynımla həyat yoldaşı boşanıblar. Qızı boşayan tərəf də atasıdır. Yəni, qaynım boşanmaq üçün addım atmayıb.

Bu boşanmadan sonra ədavət davam elədi. Mən bu münaqişənin səbəblərini detallı açıqlamaq istəmirəm. Çünki istintaq gedir.

Sadəcə, qaynım kasıb, atasız uşaq idi. Onu demək olar ki, mən böyütmüşəm, elçi getmişəm. Yəni bir ağsaqqal kimi qabaqda mən getmişəm.

İndi bu boşanma olandan sonra da həmin ailə ilə münasibətlərimiz pis oldu. Axırı da belə nəticələndi. Məndən acıq çıxmaq, qisas almaq üçün uşağı öldürüblər.

Həmin gün uşaq söyüş söyüb ki, anamla elə danışa bilməzsən. O da deyib ki, gör başına nə oyun açacam.

Bu işi göstəriş verən də, oğlumu öldürən də azadlıqda gəzir. Onlardan biri hər gün maşın sürür".

Fia.Az

Oxunub: 501





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69