Teleqülləni sürüşdürən məmurlar: Prezidenti saymayıb villalar tikirlər...

Prezidenti saymayıb villalar tikirlər...
Bayıl yamacındakı sürüşmənin aktivləşməsinin əsl səbəbi məmurların tikdirdiyi villalar imiş

FİA.Az-a verilən məlumatda bildirilir ki,
Teleqüllə ətrafında tikilən malikanələr sürüşməyə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Bayılda qeydə alınan sürüşmə ilə bağlı danışarkən deyib ki, tikinti zamanı normalara əməl olunmur.

O, "Azərbaycan Prezidenti İlham Əliyevin də sərəncamı var ki, sürüşmə sahələrində evlər, hər hansı tikili inşa edilərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin razılığı olmalıdır.

Ancaq buna məhəl qoyulmur. Bizdən heç soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz", - deyə qanunsuzluqlara yol verildiyini əlavə edib.

Deputat Vahid Əhmədov deyib ki, icazəsiz hər hansı tikinti getmir: "Bu evlərin hamısı tikiləndə razılıq verilib. Azərbaycanda heç kim icazəsiz daşı daş üstünə qoya bilməz.

Ola bilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin rəyi olmayıb.

Amma yerli İcra Hakimiyyəti orqanlarının, Bakı Şəhəri İcra Hakimiyyətinin xəbərinin olmaması mümkün deyil”.

Teleqüllə binasının arasında, yamacda çoxmərtəbəli villalar və yerli oliqarxların sarayları yerləşir. Bu malikanələrdən bəzilərinin ərazisində tikinti işləri hazırda da davam edir.

Özü də sürüşmənin çox sürətlə getməsi, kütləvi təxliyə prosesinin aparılması fonunda və FHN-ın, eləcə də Ekologiya Nazirliyi mütəxəssislərinin bu zonada hər hansı tikinti işlərinin qəti şəkildə qadağan olunduğunu bəyan etmələrinə baxmayaraq…

Bura villa üçün uyğun yer sayılmır, tikinti sürüşməni aktivləşdirir. Qəzetlər yazır, rəsmilər deyir, amma xeyri yoxdur. Məmurlar heç kimi saymır və dəbdəbəli imarətlərin inşası indi də davam edir.

Sürüşməyə əsas səbəb bu villalardır. Teleqüllənin yanında nəhəng villalar ucaldılıb, təpə boyunca bu imarətlərin tikintisi davam edir.

Bu da sürüşmə riskini artırır, köhnə daxmalarda məskunlaşan əhalinin həyatını təhlükə altına qoyur.

FİA.Az-a verilən məlumatda bildirilir ki, YAP o vaxtı Bayıl yamacında yaşıllıq salmışdı. Sonra məhv elədilər.

Bir adam cəsarət edib söyləmir ki, yamacda yaşıllıqları məhv etmək, yamacı yükləmək, teleqüllənin yaxınlığında saray tikmək olmaz.

Aşağıdan yuxarı baxın, villalar göz deşir, bütün təpəni əhatə ediblər. Bəs bunu niyə etiraf etmirlər? Yaşıllıqları məhv edib yerində bahalı evlər tikir, amma bizi günahkar görürlər.

Xatırladaq ki, bir nerçə il öncə sürüşmə zamanı əraziyə yapon mütəxəssislər gəlib. Onlar sürüşmənin dayandırılması haqda layihə hazırlayıb ki, bunun reallaşması üçün Azərbaycan hökuməti büdcədən 3-4 milyon manat ayırmalı olub.

Hökumət isə layihənin bahalığını dilə gətirərək yapon alimlərlə razılaşmayıb. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər vardır. Onların məişət və qidalanma məsələləri həll olunmuş, sığınacaqda həkim postu yaradılmışdır.

Amma əksəriyyət qohum evini seçib ki, məktəbdə qalmasınlar. Bu da hökumətin diqqət və qayğısıdır...

Sürüşmə hadısəsı müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki prosseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir.

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə zonasında təhlükə getdikcə artır.

Günlərdir ki, ərazidə müvafiq qurumlar tərəfindən bərkitmə işləri aparılır, sürüşmə nəticəsində əmələ gələn yarğanlara gil doldurulur. Lakin bütün bunlara baxmayaraq, təhlükənin miqyası getdikcə böyüməkdə davam edir.

Bu səbəbdən də yanvarın 24-də Səbayel Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

İclasdan sonra Səbayel Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.

Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq mənzillərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.

Bununla paralel olaraq, sakinlərin köçürülməsi üçün əraziyə yaxın məsafədə yerləşən 49 və 163 saylı məktəblərdə müvəqqəti sığınacaq yaradılıb. Rəsmi məlumatlara görə, yanvarın 24-dən 25-nə keçən gecə məktəbdə 47 nəfər qalıb.

Fia.Az

Oxunub: 5 094





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69