Prezident onları əfv etməyə bilər: Çovdarov, Cahangir Hacıyev, “Quska” və...

Çovdarov, Cahangir Hacıyev, “Quska” və...
Mayda gözlənilən əfv fərmanı həbsdə olan MTN generallarına, sabiq bankir Cahangir Hacıyevə, rabitə işində tutulanlara şamil olunmaya bilər

FİA.Az-a verilən xəbərə görə,
odioz general Akif Çovdarov, Elçin Quliyev, Eldar Mahmudovun qudası olan Cahangir Hacıyev əfv arzusundadırlar.

Həmçinin, məhkəmə hökmü olmayan (prezident səlahiyyətində var – red) Hüseyn Abdullayevin azadlığa buraxılacağı gözlənilmir.

Prezidentə və dövlətə xəyanət edən, hazırda həbs həyatı yaşayanların əfvə düşəcəyi gözləntisi çox azdır.

Keçmiş rabitə məmurlarından Vidadi Zeynalov, Beytulla Hüseynov və başqalarının da həbsdə qalacağı söylənir.

C.Hacıyevin mənimsədiyi pullar bir tərəfə, dövlətin təminat verdiyi xarici tərəfdaşları qarşısında da “gözü kölgəli” etdi.

Dövlət Beynəlxalq Bankı uçurumdan qorumaq və batmış kreditlərdən təmizləmək üçün 10 milyard manatlıq istiqrazlara zamin durmuşdu ki (“Aqrokredit” ASC vasitəsilə), dərhal bankın xarici sələmçiləri baş qaldırdı və dövlət onlara olan 3 milyard dollardan çox borca da zamin durdu.

Maraqlı bir müqayisənin də yeri var: son illər ölkəyə ən böyük zərər Kür çayının daşması nəticəsində dəymişdi - 700 milyon manat.

Belə çıxır ki, C.Hacıyev 21 dəfə daha artıq pulu heç “uf” demədən Kürə axıdıb. Bir az da iş başında qalsaydı, onun vurduğu zərər nəyinki daşqınlarla, hətta zəlzələ və sunamilərin vurduğu maddi zərərlə müqayisə oluna bilərdi.

Qanunu pozmuş, Prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandırılıblar.

Məsələn, Eldar Mahmudov - Akif Çovdarov gizli şəkildə iş adamlarını oğurladıb soyurdular. Azərbaycan dövlətinin başçısı İlham Əliyev dəfələrlə səslənib ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır:

“Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi.

Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır.

Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

FİA.Az xəbər verir ki, mayda gözlənilən əfv fərmanının həmin məmurlardan yan keçəcəyi ehtimal olunur. Prezidentin məmur özbaşınalığı ilə bağlı kəskin çıxışları və gördüyü tədbirlər ictimaiyyətin ürəyindən xəbər verir.

Ona görə də dövlət orqanlarında, vəzifədə çalışan insanlar bilməlidir ki, onların bütün fəaliyyəti əhalinin xeyrinə olmalıdır. Vəzifəli şəxslər, məmurlar vəzifə səlahiyyətləri çərçivəsində iş görməlidir.

Bilirsiz ki, yerlərdən məmur özbaşınalığı ilə bağlı paytaxta nə qədər şikayətlər gəlirdi. Əhali bəzi məmurların və onların ailə üzvlərinin davranışından, münasibətindən narazılıq edirdi.

Mətbuat orqanlarında məmurlardan nə qədər şikayətlər, dövlət başçısına müraciətlər çap olunurdu. Məmurlardan narazı qalan camaat öz dərdini bu məktublar vasitəsilə dövlət başçısına çatdırırdı.

Dövlətin bu yöndə apardığı siyasət məmurlardan narazı qalan vətəndaşlara böyük bir dəstək sayılır. Prezident etimad göstərdiyi adamı vəzifəyə təyin edir ki, o şəxs camaatın da etimadını qazansın.

Amma bəzən elə olur ki, məmur ictimaiyyətin də, dövlətin də maraqlarına zidd hərəkətlərə yol verir. Bu gün ölkəmizdə həm məmur özbaşınalığına, həm də korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır.

Bu mübarizə hərtərəfli şəkildə olduğundan, heç bir problem diqqətdən kənarda qalmır. Ölkə başçımız özü bildirib ki, korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır.

Bəzi Milli Məclis üzvləri və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri Prezident Administrasiyasına “quyu qazır”.

Ölkə rəhbərliyinin daxili siyasət konsepsiyasına xəyanət edən deputatlar və icra başçıları islahatların düşməni rolunda iştirak edirlər.

Ona görə də həbsə düşən məmurlar vəzifədə olanlara bir nümunədir ki, xalqa xidmət etsinlər, dörd divar arasına getməsinlər.

Fia.Az

Oxunub: 4 150





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69