Oliqarx rektorlar universitetləri morqa çevirir: intiharlar, qovulmalar/reaksiya

intiharlar, qovulmalar/reaksiya
Sonuncu dəfə intihar edən gənc 2000 dollar məbləğində təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən qovulubmuş. Dostlar ehtimal edir ki, bu fakt həmin gəncin intiharına səbəb olub

FİA.Az xəbər verir ki,
tələbələrin universitetlərdən təhsil haqqına görə qovulması hallar çoxalıb. Bu da onları depressiyaya salır.

İllərlə zəhmət çəkib oxuyan gənclər pula görə ali məktəbdən xaric edilir. Həmin təhsil ocaqlarının rektorları isə 200 minlik maşınlarda gəzirlər.

İlkin Əhmədli adlı gənc də Feysbuk da bu problemə toxunub: "2007-ci ilin aprel ayında mən də Azərbaycan Dövlət Neft Akademiyasının III kursunda oxuyarkən qovulmuşam.

Beynəlxalq İqtisadi Əlaqələr fakultəsinin dekanı Əsgər "müəllim" bunun üçün çox əlləşmişdi. Detallara varmayacam. Mən intihar etmədim.

Heç ağlımdan belə keçməyib. Çünki bu çıxış yolu deyil, olmayıb, olmayacaq da. Amma valideynlərimin üzünə baxa bilmirdim. İntihar bundan yaxşı idi.

Sakitcə hərbi xidmətimi çəkdim, qayıtdım, akademiyaya bərpa olundum. Paralel olaraq ATV-də işləyirdim.

Mən ADNA-ya bərpa olunanda artıq dekan başqası idi. Əsgər "müəllim" isə rüşvətə görə həbs olunmuşdu. Əminəm ki, onun ağlından intihar etmək çox keçib".

İ.Əhmədli yazıb ki, təhsil haqqının yüksək olması hər zaman problem olaraq qalıb: "Bu problemin həllini tapacağı inandırıcı görünmür.

Fikir vermisinizsə, haqlar ilbəil artır. Amma (yaxşılarından uzaq) rektorların balaları ən son model maşınlarda veyillənir.

Təhsil haqqının artmasının səbəbi də bəlli deyil. Daha doğrusu, hər kəsə bəllidir - kimlərsə ciblərini doldurur. Bir cib dolanda isə minlərlə onsuz da boş olan ciblərdə heçnə qalmır.

Mənə bu proseslər çox tanışdı. Mənə və atama… ADNA-ya bərpa olunandan sonra 600 manat illik haqqı ödəyirdim. Hər dəfə 600 manatı ödəyəndə 600 dəfə özümü və aldığım təhsili söyürdüm".

Keçmiş deputat Nazim Bəydəmirli də məsələyə sərt reaksiya verib: "Hansısa universitetin rəhbərliyinin göstərişi ilə təhsil haqqını ödəyə bilməyən tələbəni dərsin ortasında auditoriyadan çıxardıblar. O da gedib intihar edib..

Niyə o universitet rektoru hələ də işləyir, onu dərsdən qovan məsuliyyətə cəlb olunmayıb?

Niyə İslam ölkələrindən, Qoşulmama hərəkatı deyilən amorf quruma daxil olan ölkələrin vətəndaşlarına qrant tapılır, ancaq Azərbaycan vətəndaşı-tələbə pulsuzluğa görə intihar edir?

Parlamentin Elm, təhsil və s. komissiyası yəqin bir dinləmə keçirib cəmiyyətə ətraflı məlumat verəcək".

FİA.Az xəbər verir ki, yanvarın 8-i özünü dənizə ataraq intihar edən 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb. Məlik Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi olub.

Tələbələr böyük çətinliklə, yüksək balla universitetə qəbul olurlar. Minlərlə tələbəmiz var ki, maddi imkansızlıq üzündən ali məktəbə daxil olmaqdan imtina ediblər. Ali məktəbdə oxuya-oxuya ali məktəbi tərk edənlər də olub.

Ödəniş məsələsi əsas problemlərdən biridir. Özəl təhsil müəssələrində ödəniş tələb edilməsi başa düşüləndir. Dövlət təhsil müəssələrimizdə 80%-ə qədər ixtisaslar ödənişlidir.

Bir çox gəncimiz ödəniş imkanları olmadığından təhsildən yayınırlar. Rusiyaya, Türkiyəyə və digər qonşu ölkələrə üz tutunlar da olur. Çünki orda təhsil haqqı olduqca aşağıdır.

Ödəniş məsələsi öz həllini tapmalıdır. Bizim siyasətimiz sosial yönümlü siyasətdir. Məqsədimiz isə neft kapitalını insan kapitalına çevirməkdir.

Ədalət naminə deyə bilərik ki, bu istiqamətdə bəzi addımlar atılıb. Məsələn, bəzi universitetlər müəyyən humanist addımlar atırlar, müəyyən kateqoriyalar üzrə tələbələrə güzəştlər edilir.

Ödənişlərin də əlçatan olması üçün addımlar atılmalıdır. İmkansızlıq, insanın çıxılmaz vəziyyətdə qalması insanın psixikasına təsir edir. Gənc intihar da olmasa başqa yol seçə bilər.

Bu cür məsələlərə ciddi yanaşmaq lazımdır. Müvafiq tədbirlər görülməlidir. Bu sahədə radikal addımlar atılmasa bu kimi halların sayının azalmasına heç kim zəmanət verə bilməz.

Qeyd edək ki, millət vəkili Aqil Abbas ali məktəblərin ödənişli ixtisaslarına qəbul olan tələbələrdən bir illik təhsil haqqının bəri başdan tələb edilməsinə etiraz etmişdi.

O, "dünya dağılar, bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr?!" deyə ritorik sual da verib. Həmçinin xatırladıb ki, təhsil haqlarını ödəyə bilmədiklərinə görə, ölkəmizdə nə qədər adam intihar edir:

"Nə qədər eşidirik, təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib.

Və yaxud övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm".

Fia.Az

Oxunub: 914





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69