Bundan sonra kənd təsərrüfatı məhsulları... - Nazir prioritet məqsədləri AÇIQLADI - FOTO

Bundan sonra kənd təsərrüfatı məhsulları... -
Bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018" sərgisi öz işinə başlayıb

Sərgini açılış sözü ilə açan Kənd təsərrüfatı naziri İnam Kərimov son illər Azərbaycan Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini bildirib:

“Bunun nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatı yeni mərhələyə qədəm qoyub. Sosial iqtisadi göstəricilərin yüksəldilməsi nəticəsində əhəmiyyətini artıran yerli istehsal məhsullarının rəqabətə davamlı ixrac imkanları genişlənib, habelə bu, ərzaq təhlükəsizliyinin təminatına öz töhfəsini verib”.

Nazir deyib ki, hazırda əsas istiqamət yüksək məhsuldarlığın təmini, ixrac imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin həyata keçirilməsidir: “Qarşıya qoyulan məqsədlərə çatmaq üçün kənd təsərrüfatında innovasiyalara, yeni yanaşmaların tətbiqinə başlanılıb. Hazırda prioritet məqsədlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının əsas prinsipləri kimi bəyan edilib. Bu məqsədlərə çatılması üçün kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyaların tətbiqi bizim üçün prioritet olacaq. Aqrar sahənin təkmilləşdirilməsi, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində, biznes əlaqələrin qurulmasında bugünkü sərgilərin əhəmiyyəti var. Sevindirici haldır ki, əvvəlki illə müqayisədə həm iştirakçıların sayı, həm də, ekspozisiya sahəsi 12 faiz artıb. Sərgidə iştirak edən ölkələrin sayı 28-dən 34-ə, şirkətlərin sayı 331-dən 432-yə çatıb. Şirkətlərin 70 faizi xarici, qalan 30 faiz isə yerli, “Made in Azerbaijan” brendi altında təmsil olunur. Bu sərgilər həm fermer, həm də iş adamlarının əməkdaşlıq məkanına çevrilib”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, bu cür sərgilər ölkədə sərbəst biznes mühitinə yaradılan imkandan xəbər verir:

“Hər il bu sərginin əhatə dairəsi genişləndirilir. İştirakçıların 70 faizinin xarici şirkət olması təsadüfi deyil. Bu, ölkədə sağlam rəqabət mühitindən xəbər verir”.

Sədr onu da vurğulayıb ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məqsədi ölkədə bu sahədəki risklərin qiymətləndirilməsidir:
“Əsas məqsəd əhalinin sağlam qida ilə təminatı və ixrac potensialının artırılmasıdır”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənən sərgi iki gün davam edəcək.(publika.az )

Fia.Az

Oxunub: 1 067





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69