Qarabağda MÜHARİBƏ ANONSU, bütöv AZƏRBAYCAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağda MÜHARİBƏ ANONSU, bütöv AZƏRBAYCAN...
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunda Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər. İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər. Türkiyə və İsrail arasında diplomatik böhran davam edir. Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər. Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti – Fransa, Endrü Şofer – ABŞ) iyunda Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcəklər. Bu barədə həmsədrlərin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

“Azərbaycan gözləyir, əgər Ermənistanın müdafiə sistemində boşluq olacaqsa, onda təhlükə arta bilər”. Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, təmas xəttində gərginliyin olması təhlükəsi həmişə var.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İranın ABŞ və İsrail arasında necə bölünəcəyi ilə bağlı məlumat yayıb. Jirinovski bununla bağlı öz Tvitter səhifəsində xəritə yerləşdirib. O, bu xəritənin 20 il öncə hazırladığını deyib.

Qeyd edək ki, xəritədə İranın bir neçə yerə bölünməsi əks olunub. Jirinovskinin xəritəsinə əsasən, bu dəyişikliklərdən sonra Bütöv Azərbaycan, ayrıca kürd dövləti, fars dövləti, Bəllucistan və Böyük Türkmənistan yaranır.

Jirinovski, həmçinin, Türkiyənin bəzi ərazilərinin Ermənistana veriləcəyini xəritəsində əks etdirib.

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib. Tramp məktubda ticarət əlaqələri, demokratik institutlar və regional təhlükəsizliyin möhkəmləndirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran çoxsaylı sferalarda birgə işi səbirsizliklə gözlədiyini bildirib.

Məktubda həmçinin qeyd edilir ki, korrupsiya ilə mübarizə, bütün siyasi partiyaların ölkə həyatında rolunun gücləndirilməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-Ermənistan əlaqələrinin inkişafını sürətləndirəcək.
İrəvan meri Taron Marqaryanın istefasını tələb edən nümayişçilər şəhər administrasiyasının binasına zorla giriblər.

İrəvanda nümayişçilər yolu bağladı: meriya binası mühasirəyə alındı - VİDEO/FOTOLAR (YENİLƏNDİ)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. “Anadolu” agentliyinin məlumatına görə, keçmiş dövlət katibi Reks Tillersonun istefaya göndərilməsindən sonra dayandırılan ABŞ-Türkiyə danışıqları davam etdiriləcək. Görüşdə Suriya və Yaxın Şərqdəki proseslər, ikitərəfli əlaqələr, PKK və FETÖ terror təşkilatları ilə mübarizə kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Türkiyə və İsrail arasında diplomatik böhran davam edir. Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulu Yozef Levi Sfaridən bir müddət öz ölkəsinə dönməsini istəyib.

İsrail Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalatını dayandırıb. Bu haqda İsrailin kənd təsərrüfatı naziri Uri Ariel sosial şəbəkədəki səhifəsindən bildirib.

“Türkiyəyə dəstək olmayacağıq”, - nazir yazıb.

İsrail parlamenti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır. “The Jerusalem Post”un yaydığı xəbərə görə, “Sionist Birlik”dən olan deputat İtzik Şmuli və Likud deputatı Amir Ohana qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini Knessetə (İsrail parlamenti) təqdim edəcəklərini bildiriblər.

ABŞ-dan sonra Qvatemala da İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüb. Səfirliyin açılışı bu gün olub. Açılışda Qvatemala prezidenti Cimmi Morales və İsrailin baş naziri Benyamin Netanyahu iştirak edib.

Fələstin dörd Avropa ölkəsi – Rumınıya, Çexiya, Macarıstan və Avstriyadakı səfirlərini geri çağırıb. Bu haqda Fələstinin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta" Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb. Görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib.
Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib.

“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə yardımçı olmaq yəhudi xalqının maraqlarına uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidenti kimi edəcəksiniz. Səfirliyinizi geri çağırın. Ortaya çıxın və səsli bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu deyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq biz İsrail dövlətinin sülh çərçivəsində dağıdılmasını istəyirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər ilə müsəlmanlar sülh içində yaşaya bilər”, - deyə bildirib.

Səudiyyə Ərəbistanı, İsrail və ABŞ İrandakı rejim dəyişikliyinə gizli şəkildə dəstək verə bilər. Bunu “Yerusəlim Post” qəzetinə müsahibəsində İsrail xarici kəşfiyyat idarəsi olan MOSSAD-ın keçmiş rəhbər şəxslərindən Hayem Tamer deyib.

“Böyük problem raketlərə sahib olan İran deyil. Problem Xomeyni ideyalarına sadiq olan islam ölkəsinin İsraili yox etmə hədəfi və kütləvi qırğın silahlarına sahib olmasıdır. Biz İran nüvə silahlarıyla qarşı-qarşıya qala bilərik. Savaş başlasa, İran bütün raketlərini Təl-Əviv və Hayfaya atacaq. Tehran Hizbullahın gündəlik 300-400 raket atmasına imkan yaradacaq gücə sahibdir. İranın İsrailə qarşı çox çətin bir cəbhə yaratma potensialı var. Əgər genişmiqyaslı savaş olsa, biz bütün silahlarımızı sürətli şəkildə istifadə edə bilmərik. Ən önəmli olan İsrailin İranın raket hücumunun hədəfi olacağı halda Təl-Əvivin hansı bölgələrini hədəf alacağını Tehranın açıq şəkildə deməsidir”, – deyə o bildirib.

Avropa İttifaqı İrandan idxal edilən neftə görə dollarla ödənişi avro ilə əvəz etmək niyyətindədir. Bu haqda “RİA-Novosti” agentliyinə Brüsseldəki diplomatik mənbə bildirib.

Fia.Az

Oxunub: 216





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69