“Mayın 18-də gecə MN əməkdaşlarının ardınca Laçını tərk etməli olduq...” - Qərargah rəisinin gündəliyindən

“Mayın 18-də gecə MN əməkdaşlarının ardınca Laçını tərk etməli olduq...”
Mayın 17-də gecə Laçın rayon mərkəzində 5 gündən çox yanmayan işıqları kim yandırmışdı?..

…Şuşa və Laçının 26-cı qara “yubileyi” tamamlansa da, hər biri bir təbii qala olan bu dilbər guşələrimizin asanlıqla düşmənə təslim edilməsinin ağrı-acısı bir yana, həm də onların işğal sirlərinin açılmaması, işğalçı və terrorçu ermənilər bir yana, Azərbaycan hakimiyyəti və hərbi rəhbərlikdə buna şərait yaratmış xainlərin cəzalandırılmaması qəlbimizi yaxıb yandırır...

...26 il öncə bu günlərdə Şuşa və Laçın ətrafında təxribatlar baş alıb gedir, məntiqsiz əmr və göstərişlər verilirdi. 30 aprel 1992-ci ildə Azərbaycanın o vaxtkı Baş Qərargah rəisi, artıq Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin (“QRU”) agenti olduğunu indiki və keçmiş dövlət rəhbərliyinə etiraf etmiş general Şahin Musayevin hazırlatdığı və müdafiə naziri Rəhim Qazıyevin imzaladığı əmrlə o dövr üçün kifayət qədər nizam-intizamla idarə olunan, polkovnik Arif Paşayevin komandirlik etdiyi Laçın alayı - 811 saylı hərbi hissə rəsmən ləğv olunaraq aprelin 22-dən Şuşa, Laçın, Qubadlı və Zəngilan bölgələri üzrə hərbi komendant təyin olunmuş polkovnik-leytenant Elbrus Orucovun ixtiyarına buraxılır... Alay rəhbərliyi bu əmrə tabe olmasa da, şəxsi heyət bundan xəbər tutmasa da, qeyri-iradi komandanlıqda və döyüş əmrlərinin verilməsində pərakəndəlik və xaos yaranır....

Sonradan məhkəmədə və müsahibələrində sabiq müdafiə naziri Rəhim Qazıyev o günlər işin hədsiz çoxluğundan onu hazırlayanlara etibar etməklə həmin əmri əsl məğzi ilə tanış olmadan imzaladığını bildirir...

“Körpünü keçərkən “Qrad” maşınımızı vurdular...”

(Materialın əvvəlki hissələri üçün bu linkə baxın:http://www.moderator.az/news/225431.html)
“...Mayın 17-də Ermənistanla sərhəddəki 29-30-cu postlarda güclü döyüş gedirdi. Ermənilərdən tutulan radio-danışıqlarda onlar yenə də Qayğı qəsəbəsindən keçən yolu bağlaya bilmədiklərini etiraf edirdilər...

...Səhər saatlarında qərargah ərazisindəki əsgərlər arasında çaşqınlıq yaşandığını hiss etdim... Sınıq güzgünü pəncərənin qarşısına qoyub üzümü qırxmağa basladım. Bu vaxt rəhmətlik kəşfiyyat rəisimiz, şəhid kapitan Vaqif Salmanov həyəcanlı halda içəri girdi. Mənə baxib sakitləşdi və pəncərəni açıb bayirdakılara dedi ki, narahat olmayın, qərargah rəisi Nağıyev üzünü qırxır...¦
Qərargahın həyətində yararsız halda “UAZ” markalı avtomobil və artıq hərəkəti mümkün olmayan rabitə maşını vardı. Maşının içərisindəki lazımlı avadanlıqlar götürülərək yandırıldı. Laçın dağında da döyüş gedirdi. Amma Mərkiz yüksəkliyindəki “Qrad”ımız nədənsə susurdu. Orucovçulardan məcburən ayırıb saxladığımız artilleriya zabiti Qridasovla rabitə əlaqəmiz kəsilmişdi. Odur ki, komandir Arif Paşayev özü Mərkizə qalxası oldu...

...Şuşanın Qaladərəsi kəndi istiqamətindəki kəşfiyyat bölüyümüz də müdafiə mövqeyi tutmuşdu. Bölükdə İsmayıllının Basqal kəndindən olan Şirzad Rəcəbovun rolu çox böyük oldu. Ümumiyyətlə, qeyd edim ki, ermənilərlə qarşıdurmalar başlayan ilk günlərdən basqallılar Laçın camaatına maddi, mənəvi, fiziki cəhətdən çox dəstək oldular...

Mayın 17-18-də Müdafiə Nazirliyi Əməliyyat Idarəsinin rəisi polkovnik Rüfət Əmirov və idarənin zabiti polkovnik-leytenant Məhərrəm Cahangirov da bizimlə idilər... Hər ikisi savadlı və qorxmaz zabitlər idi. Onlar son imkanadək bizimlə birgə Laçın rayon mərkəzində qaldılar. Bütün yaşanan dəhşətlər onların gözləri qarşısında baş verib…

Qaranlıq düşənə yaxın Laçın dağ silsiləsindəki Yevlax və Göyçaydan olan qüvvələr düşmən hücumuna tab gətirə bilməyib Şuşa yolundakı yanacaq doldurma stansiyası tərəfdən Qubadlı istiqamətinə qaçmağa başladılar...

Axşam saat 19-20 radələrində Laçın Yuxarı Laçın kəndi ve 2 saylı şəhər orta məktəbinin yuxarısından kiçik çapli silah ve qumbaraatanlardan atəşə tutulmağa başladı. Elə bu vaxt rayon mərkəzində gözlənilmədən işıqlar yandi. Təxminən 5 gündən çox idi, işıqlar yanmırdı. Birdən-birə mayın 17-də- Laçında olduğumuz son gündə işıqların yanması müəmmalı idi. Hətta küçə işıqları da yanırdı. Odur ki, alay qüvvələrinin şəhərdə işıq altında yerdəyişmələri çətinləşirdi. Yəni düşmən işıqda bizləri görən kimi atəşə tuturdu. Buna baxmayaraq hələki bizim mümkün müqavimətimiz sayəsində irəli gələ bilmirdilər...

Mən qərargaha qayıtdım... MN zabitləri R.Əmirov və M.Cahangirov qərargahda idilər. Onlarla vəziyyəti qiymətləndirdikdən sonra Ermənistanla sərhəddə qalan əsgərlərimiz barədə onlara məlumat verdim. Polkovnik R.Əmirovun göstərişi ilə 29-30-cu postlarda olan döyüşçülərə qaz xətti boyunca Tikanlı zəmi istiqamətinə çıxmaları xəbəri göndərildi...

Gecə saat 10-11 radələrində Laçın dağ silsiləsindən ara-sıra atəş səsləri gəlirdi. Artıq vəziyyət çox ağır idi...¦ Bu dəhşətləri yalnız həmin tarixlərdə orda olub, onu yaşayanlar bilir. 3-5 gun öncə Laçını tərk edənlər bunu bilməzlər..¦. Gücümüz tamamilə tükənmişdi. ...Ermənistan tərəfdən artilleriya atəşləru kəsilsə də, şəhərin yuxarı hissəsindən atəş davam edirdi. Gecə yarı Yuxarı Laçın kəndində bir neçə ev yanmağa başladı. Ermənilər artıq Yuxarı Laçına girmişdilər.....Qaranlıqda şəhərin başından ermənilər tək -tək evləri qumbaraatanlarla vururdular...

Polkovnik Rüfət Əmirov mənə dedi ki, qərargah rəisi kimi qərar qəbul et. Cavab verdim ki, siz burda ola-ola qərar qəbul etmək mənə düşməz... Orucovun qərargahdakı “Zil” maşınını 29 və 30-cu postlara göndərdik ki, oradakı qüvvələrimizi çıxarsın. Həmin postlardakı qüvvələrimizin bir qismi artıq Zabux kəndindən qaz kəməri boyu Ağanus istiqamətinə çıxmışdılar. Laçın dağından ermənilər şəhəri avtomat, pulemyot və qumbaraatanlardan atəşə tuturdular. Şəhərin aşağı hissəsi isə Ermənistan tərəfdən artilleriya atəşinə məruz qalırdı. Sanki Laçına göydən alov yağırdı...

Mayın 17-i gecə saat 1-2 radələrində atəş səsləri kəsildi. Xəbər gətirdilər ki, Ağanus yolunda yuk maşını vurulub yanır, Tavan evi körpüsünə yaxın yerdə tank vurulub yoldan çıxıb. Artıq vəziyyət kritik idi. Başda Rüfət Əmirov olmaqla Müdafiə Nazirliyinin əməkdaşları bizdən öncə, biz isə onların ardınca Laçını tərk etməyə məcbur olduq...¦

Mühasirədən böyük çətinliklə çıxdıq. ¦Körpünu keçəndən sonra “Qrad” maşınımızı vurdular. Maşın yoldan çıxıb dərəyə düşdü. Bir əsgərimiz şəhid oldu, sürücümüz Yaşar Ramazanov isə ağır yaralandı(Allah hər ikisinə rəhmət eləsin!). Ağanus kəndi istiqamətindəki kəşfiyyat bölüyümüz biz çıxanadək döyüşərək ermənilərin Qubadlı yolunu bağlamasına imkan vermədi. Bu minvalla səhərə yaxın Qubadlı istiqamətindəki Tikanli Zəmi ərazisinə gəlib çıxdıq... Bizim qüvvələrimizdən orada hələ qalanlar var idi...”

Fia.Az

Oxunub: 197





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69