Avtobuslarda ilkin tibbi yardım istəyən sərnişin ... ölə bilər

Avtobuslarda ilkin tibbi yardım istəyən sərnişin ...
Ekspert: “Məsul şəxs avtobus xəttə çıxmadan əvvəl dərman qutusuna baxmalı, od əleyhinə balonun olub-olmamasını yoxlamalıdır”

Ölkədə sərnişindaşıma ilə məşğul olan avtobusların əksəriyyətində nə dərman preparatlarının olduğu qutu, (apteçka) nə də yanğının qarşısını almaq üçün xüsusi balon yoxdur. Bu hal isə kiçik bir hadisənin böyük fəsadlarla nəticələnməsinə səbəb olur.

“Yeni Müsavat”a müraciət edən sərnişinlər bildirirlər ki, xüsusilə də rayonlara işləyən heç bir avtobusda dərman qutusu mövcud deyil. Sərnişinlər bildirirlər ki, uzun yolda, heç bir aptekin, mağazanın olmadığı düzəngahlıqda hərəkət edən avtobusda kiminsə halı pisləşərsə, həmin adama ilkin tibbi yardım göstərmək üçün tibbi avadanlıqlar tapılmır. Eləcə də hər hansı bir xırda qəzadan baş verən yanğını söndürmək üçün də balon mövcud deyil. Bununla yanaşı, sərnişinlər rayonlara işləyən avtobusların bəzilərinin istismara yararsız vəziyyətdə olduğunu söyləyirlər.

Qanunla isə nəqliyyat vasitələrində xüsusi “apteçka” olmalıdır ki, onun da içərisinə ilkin tibbi yardım üçün vasitələr qoyulmalıdır.

Bakıda fəaliyyət göstərən marşrut xətlərində də vəziyyət eynidir. Ötən həftə Pirşağı-«Koroğlu» metro stansiyası istiqamətində işləyən 173 saylı sərnişin avtobusunun mühərrik hissəsi qəfil yanmağa başlayıb. Dərhal sərnişinlər avtobusdan düşürülüb. Yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürən maşın çağırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtobus yararsız vəziyyətə düşüb.

Hadisədən sonra açıqlama verən Bakı Nəqliyyat Agentliyi günahı 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsinin üzərinə atıb. Açıqlamada bildirilir ki, sözügedən avtobus 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsinin tabeliyindədir. Həmin müəssisə istehsalat bazasına malik olmasına baxmayaraq, nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri düzgün aparılmır. Agentlik tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisə tərəfindən avtobuslar əsaslı təmir edilərək saz vəziyyətə gətirilmir.

“Yeni Müsavat”a danışan ekspert Ərşad Hüseynov söyləyib ki, “Yol hərəkəti haqqında” Qanunda məsələ ilə bağlı 1 saylı əlavə var: “Həmin 1 saylı əlavədə göstərilir ki, bütün avtomobillərdə, hətta traktorlarda, motosikletlərdə də dərman qutusu mütləq olmalıdır. Özü də bu dərman qutusuna Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun preparatlar qoyulmalıdır. O cümlədən də avtobuslarda bu qutunun olması mütləqdir. Eyni zamanda bütün avtomobillərdə həm də od söndürən balon olmalıdır. Bu əşyalarsız avtomobillər istifadə edilməlidir. Avtobuslarda bu avadanlıqların xüsusiləşmiş əhəmiyyəti var. Çünki avtobus çoxsaylı sərnişin daşıyır. Bu nəqliyyat vasitəsində sərnişinlərin tibbi yardıma ehtiyacının olma ehtimalı daha yüksəkdir.

O cümlədən də alışma, gözlənilməz alovun da baş vermə riski daha çoxdur. Çünki elə sərnişinlərin özləri də ehtiyatsız davranaraq, avtobusun alışmasına səbəb ola bilərlər. Məlumat üçün deyim ki, bu yaxınlarda Qazaxıstanda Özbəkistan vətəndaşlarını daşıyan avtobus alışmışdı. Nəticədə 50-dən çox adam yanaraq, dünyasını dəyişdi. Söhbət ondan gedir ki, bu cür avtobuslarda odsöndürənə və dərman qutusuna böyük ehtiyac var. Tövsiyə edirəm ki, qanundakı tələbə riayət edib avtobuslara təkcə od söndürən və dərman qutusu yox, hətta ikinci bir od söndürən qurğusu qoyulsun. Dərman qutusu da avtobuslarda daha çeşidli olmalıdır. Ona görə ki, sərnişinlərin tibbi yardıma ehtiyacı ehtimalı daha çoxdur. Qanunvericiliyə görə, avtobus hər gün xəttə çıxmazdan öncə onun texniki müayinəsi keçirilməlidir. Eyni zamanda məsul şəxs avtobus xəttə çıxmadan əvvəl dərman qutusuna baxmalı, od əleyhinə balonun yerində olub-olmamasını yoxlamalıdır. Bunlar yoxlanmırsa, belə məsuliyyətsizliklər müəyyən məqamlarda baş verən faciənin daha böyük miqyas almasına gətirib çıxarır”.

Ekspert onu da qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yalnız paytaxt ərazisində şəhərdaxili marşrutlara nəzarəti həyata keçirir: “Burada da bir məsələ var. Belə ki, şəhərlərarası nəqliyyat vasitələrinə Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Avtomobil Xidməti nəzarət edir. Ancaq bu iki qurumdan heç birinin elə bir funksiyası yoxdur ki, hansısa avtobusu saxlayıb, onu yoxlasın ki, içərisində dərman qutusu və ya yanğınsöndürən balon var, yoxsa yox. Bu səlahiyyət müstəsna olaraq Dövlət Yol Polisi əməkdaşlarına aiddir. Digər iki qurum, sadəcə olaraq, ümumi nəzarət həyata keçirirlər ki, texniki yoxlama qaydasında olsun və sairə. Yoxdursa, buna heç bir cəza tətbiq edə bilmirlər. Ümumiyyətlə, qanunvercilikdə belədir ki, yanğınsöndürən qurğunun olmamasına görə sürücünü məsuliyyətə cəlb etmək mümkün deyil. Dərman qutusunun olmamasına görə isə məsuliyyətə cəlb etmək mümkündür. Belə ki, bu zaman sürücü 10 manat məbləğində cərimələnir. Bu, həm avtobuslara, həm də minik avtomobillərinə aiddir. Nə minik avtomobilində, nə də avtobusda odsöndürənə görə cərimə tətbiq olunmur. Sadəcə olaraq, avtomobil həmin vəziyyətdə texniki baxışdan keçə bilməz”.

Fia.Az

Oxunub: 40





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69