İqtidara təhdid və təhlükə olan icra başçılarının eksklüziv siyahısı FİA.Az-da...

İqtidara təhdid və təhlükə olan icra başçılarının eksklüziv siyahısı
İqtidarın siyasətini baltalayan, ona təhdid və təxribat mənbəyi yerlərdəki icra hakimiyyəti strukturlarıdır

FİA.Az-ın Siyasət Şöbəsi yazır ki,
dəfələrlə icra hakimiyyətlərinin ləğvi və səlahiyyətlərinin ASAN xidmətə verilməsi təklif olunub.

Çünki Azərbaycanda icra hakimiyyətlər korrupsiya bulağı, bürokratiya aparatı, iqtidar-xalq münasibətlərini korlayan, onu tənzimləmək əvəzinə körpüləri yandıran strukturdur.

O baxımdan İH-lərin ləğvi həm büdcə xərclərinə qənaətdir, həm yerlərdəki padşahların zərərsizləşdirilməsidir. Bu hakimiyyətin başına nə gəlirsə, icra başçılarının sərsəm çıxışları, qanunsuz hərəkətlərin üzündən gəlir.

Məsələn, Nəsiminin icra başçısı Asif Əsgərovu götürək. Rayonda yaşıllıqları kəsdirib yerini biznesmenlərə satır, camaatı qızşdırır, ayağa qaldırır, sakinlər yol bağlayır, aksiya keçirir və nəticədə hakimiyyətlə əhali üzbəüz qalır.

Onun oğlu isə ksasıbların balaları səngərdə qışın sazağında, yayın qızmarında xidmət çəkərkən atasının bahalı maşınında qəza törədir, insan ölümünə səbəb olur, həbsdən xəstəlik adı ilə yayınıb xaricdə dincəlir. Və bu da cəmiyyətdə qıcıq doğurur, sosial təbəqələşməni dərinləşdirir.

Təkcə budurmu? Göyçayda icra başçısı şəhid bulağını sökdürür, Zərdabda icra başçısı aprel şəhidinə başdaşı pulu alıb mənimsəyir.

Daşkəsəndə Əhəd Abıyev aprel qazisini mənzil fırıldağı ilə üz-üzə qoyur, Şəkidə icra başçısı Elxan Usubov kəndlilərin torpağını zəbt edərkən, bir kasıba 3 sot sahə verməmişkən, türk müğənnisi Petek Dinçözə torpaq bağışlayır.

Laçının icra hakimi köçkünü tutdurur, özünün fərariliyi üzə çıxır, Abşeronun icra hakimi İradə Gülməmmədova qoçularını Qarabağ əlillərinin üstünə göndərir, onları döydürür, təhdid edir, evsiz-eşiksiz qoyur, didərgin salır.

Bütün bu arayışlar, məmurların qanunsuzluqları, icra başçılarının özbaşınalıqları hakimiyyət üçün birbaşa təhlükə saçırlar.

İcra hakimiyyəti strukturlarının əyalətlərdə vətəndaşları incitməsi, süründürməsi, qapıdan qovması, qəbula gələnlərin təhqir olunması xalqın hakimiyyətə nifrətinə səbəb olur.

Artıq iqtidara müxalifət, alternativ qüvvə lazım deyil, “sapı özündən olan” İH-lər oturduqları budaqları baltalayırlar.

Odur ki, təxirəsalınmaz struktur reformalarından biri İH-lərinin ləğvi, səlahiyyətlərinin ASAN-a transferi olmalıdır.

FİA.Az-ın Siyasət Şöbəsi yazır ki, prezident dəfələrlə bölgələrdə dəyişikliklər edib, yeni icra başçıları təyin olunub.

Ancaq dərs çıxarmayanlar var. Onlar özlərini əyalətlərin padşahı kimi aparırlar. Və bu fəaliyyətin mərkəzi hakimiyyətə vurduğu ziyanı hesablamırlar.

Məsələn, Gəncə icra başçısı Elmar Vəliyev insanlara qarşı kobudluğu ilə seçilir, Lənkəranın icra hakimi şəhəri tar-mar edib, qarış-qarış əraziləri satıb.

Sabirabadın icra hakimi Nazim İsmayılov, İmişlidəki həmkarı Vilyam Hacıyev, Ağcabədidə Şahin Məmmədov, Beyləqanda Vaqif Abdullayev haqda elə ay olmur ki, mətbuata şikayətlər daxil olmasın.

İcra başçıları iş adamlarına parklar salır, yollar asfaltladır, büdcə vəsaiti hesabına oliqarxlaşırlar, villalar tikdirirlər, biznes sahibi olurlar.

Azərbaycanda milyonçu olmayan icra hakimi tapmaq möcüzə olardı. Ona görə də prezidentə həm iqtisadi, həm sosial-siyasi təhlükə olan İH-lər demontaj edilməlidir.

Onlar xalq üsyanlarının memarlarıdırlar. Əgər Azərbaycanla yaxşı münasibəti olmayan Rusiya və yaxud İranın xüsusi xidmət orqanları ölkədə süni iğtişaş yaratmaq istəsələr, bəlkə də bu cəhdlər gözlənilən nəticəni verməz.

Ancaq yerli icra başçıları insanlara elə “divan tutur”lar ki, sabah qəzəblənmiş kütlə ayağa qalxsa, İran və ya Rusiyanın iğtişaş layihələri bunun yanında “toya getməli” olacaq.

Bu eksperimentdən üzüağ çıxa bilməyən icra hakimiyyəti rəhbəri postunu itirə bilər. Söhbət adı daha çox mediada müxtəlif neqativ işlərdə hallanmış məmurlardan gedir.

Hətta bir müddət qabaq deputat Çingiz Qənizadə Salyan və Cəbrayılın icra başçılarının istefaya göndərilməsi haqda danışarkən bildirmişdi ki, mətbuatın onlardan yazdıqları bu sərəncama təsir edib.

Fia.Az

Oxunub: 3 369





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69