Ətrafımız qaynayır, Yaxın Şərq tikan üstə: Qarabağ üçün tarixi şans? - Pərdəarxası…

Qarabağ üçün tarixi şans?
Ətrafımızda ciddi proseslər gedir. Bir yandan Qərb cinahımızda böyük xalq kütləsinin iştirakı ilə hakimiyyət dəyişikliyi baş verir, digər yandan isə Gürcüstanda Saakaşvili tərəfdarları aktivləşir

FİA.Az-ın Siyasət Şöbəsi təhlil edir ki,
Şimal və Cənub cinahımız da gərgin günlər yaşayır.

ABŞ-Rusiya-İran münasibətləri ən qalmaqallı dövrə qədəm qoyur. Eyni mədəniyyət dairəsinə aid olduğumuz Yaxın Şərq də tikan üstündədir.

Regionumuzda baş verənlər istər-istəməz hər kəsdə “görəsən, bundan sonra nələr olacaq?” nigaranlığına yol açır.

İndi də yaxşı olardı ki, biz torpaqlarımızı işğaldan azad edək və növbəti qiyamla Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın.

Bunun üçün isə Azərbaycan hakimiyyəti Rusiya ilə intensiv danışıqlar aparmalı və hər iki tərəfin marağına uyğun ortaq məxrəcə gəlinməlidir.

Əks halda, Ermənistanda vətəndaş müharibəsi baş versə, insanlar bir-birini qırsa belə, Rusiyanın razılığı alınmasa, Azərbaycanın Qarabağı işğaldan azad etməsi xeyli dərəcədə riskli və çətin olacaq. Belə olacağı təqdirdə isə biz Rusiya ilə üz-üzə gələ bilərik. Biz indi də Rusiyanın maraqlarını nəzərə alsaq, Qarabağ probleminin həllində bəzi maneələri aşa bilərik.

Rusiya ilə yenə də vasitəçi kimi danışacağıqsa, mümkündür ki, Moskva Paşinyanı devirmək üçün başqa alternativ variantlar üzərində düşünsün, Paşinyan hakimiyyəti bizim iştirakımız olmadan dəyişdirilsin, nəticədə status-kvo qorunub saxlanılsın. İllər keçdikcə, bizim bu problemi həll etmək şansımız da azalır.

Biz bundan sonra bir 30 il də danışıqlar aparacağıqsa, 60 il müstəqil dövlət kimi yaşayan qurumu (bunu istərsən “qondarma respublika”, istərsən, tanınmamış dövlət adlandır) yenidən Azərbaycanın tərkibinə qayıtmasını dünya birliyi qəbul etməyəcək.

Necə ki, biz indi İrəvanı, Zəngəzuru nostalgiya hissiylə xatırlayırıq, münaqişənin həlli uzanarsa, Qarabağ barədə də keçmiş tariximiz kimi danışacağıq.

İkincisi, Qərbin bu regionda ən böyük arzusu o idi ki, Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsində əsas rolu Rusiya oynasın.

FİA.Az-ın Siyasət Şöbəsi təhlil edir ki, beləcə, Azərbaycanla Rusiya əbədi düşmən olsun. Rusiya isə böyük təcrübəsi olan bir dövlət kimi, bu niyyəti başa düşür və status-kvonu qorumağa çalışır.

Qərb də eyni səbəbdən Azərbaycanı çox sıxmaq istəmir, gedib Rusiyaya daha çox yaxınlamasından ehtiyatlanır.

Amma qərblilərin qəlbi ermənilərlə bir yerdədir. İstəyirlər ki, Qarabağ ermənilərə verilsin. Bunun səbəbi isə xristian təəssübkeşliyindən və islamfobiyadan qaynaqlanır.

Odur ki, həm hakimiyyəti qorumaq strategiyasını sürdürür, həm də Azərbaycanı insan haqlarını pozmaqda, seçkiləri saxtalaşdırmaqda günahlandırır.

Bir sözlə, Azərbaycanı gözüqırpıq vəziyyətdə saxlamağa çalışır. Ona görə də Gürcüstan və Ermənistanla müqayisədə bizə yanaşma tamamilə fərqlidir.

Amma hazırda perspektivi şübhə doğuran, qeyri-real görünən ehtimallarla hərəkət etmək, nələrəsə ümid bəsləmək zamanı deyil.

Hələlik real olan budur ki, Azərbaycan Rusiya ilə müəyyən anlaşmalara gedərək, Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola və yaranmış münbit şəraitdən faydalanaraq, Qarabağ məsələsini həll edə bilər.

Əlbəttə, bizim Qarabağ problemimiz olmasaydı, bir çoxları kimi istəməzdi ki, ölkəmiz bu qurumlara qoşulsun. Amma tərəzinin bir gözünə Qarabağı qoyub, o biri gözünə digər alternativləri qoyanda hesab edilir ki, biz Qarabağ naminə bu addımları atmalıyıq.

Azərbaycan Qarabağ məsələsinin həllində bizə nə qədər yaxın olub-olmamasına baxmayaraq, heç bir dövlətə güvənməməlidir.

Paşinyan bəyanat verdi ki, Ermənistan Türkiyə ilə heç bir şərt qoymadan və heç bir şərti də qəbul etmədən diplomatik əlaqələr qura, sərhədləri aça bilər.

Türkiyənin baş naziri isə ona cavabında Dağlıq Qarabağ məsələsini tamamilə unutdu və bildirdi ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilərsə, biz bu təklifəri müzakirə etməyə hazırıq.

Bu onu göstərir ki, dövlətlərin öz maraqları var və hər bir dövlət bu maraqlar çərçivəsində hərəkət edir.

Azərbaycan da məsələlərə öz maraqları çərçivəsindən yanaşıb, Rusiya ilə danışıqlar aparmalıdır.

Fia.Az

Oxunub: 1 928





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69