İqtidarın sensasion projesi: ölkə vitse-prezident seçkilərinə də gedir - Təfsilat

ölkə vitse-prezident seçkilərinə də gedir
Hakimiyyət aprel seçkilərindən sonra növbəti seçkiyə hazırlaşır

FİA.Az-ın Siyasət Şöbəsinə daxil olan məlumata görə,
vitse-prezident seçkiləri keçirilə bilər.

Apreldən sonra bu postların başına kimlərin keçəcəyi müəyyənləşəcək. Belə versiyalar səslənir ki, vitse-prezidentlik institutu ilə bağlı forma dəyişə bilər.

Bu posta prezident tərəfindən təyinat olur. Ancaq dəyişikliyə gedilərək seçkilər olması mümkündür.

İqtidaryönlü deputat, hakimiyyətdə mötəbər əlaqələrə və informasiyalara malik olan Zahid Oruc da seçkilərin olmasını təklif edib.

Bundan iki ay qabaq martda növbədənkənar seçkilərin keçirilməsini təklif etmiş deputatın informativ təşəbbüsü gerçəkləşdi. Onun hakimiyyətdən gələn məlumatı təklif şəklində cəmiyyətə ötürdüyü aydınlaşdı.

Eləcə də vitse-prezidentlərin seçki yolu ilə müəyyənləşməsini təklif etməsi də ehtimallar yaradır ki. Z.Oruc yenə də hökumət daxilindəki hazırlıqdan xəbər verir.

Deputatın sözlərinə görə, Amerika dövlət qurucuları yeganə olaraq, prezident və vitse-prezident vəzifələrini birgə şəkildə ümumxalq səsverməsinə çıxarır:

“Eyni müddət üzrə hər iki şəxsə etimad votumunu göstərməyə çalışırlar. Görünür, Birləşmiş Ştatların həyatında son dərəcə taleyüklü anlarda həm də ikinci şəxs dövlətçilik sınağından və ya siyasi böhranlardan çıxmaqda müstəsna rol oynayır.

Ümidvaram ki, dövlət quruculuğu fikri gələcəkdə prezidentə ikinci şəxslə birgə ümumxalq seçiminə çıxmaq zərurətini meydana çıxaracaqdır.
Hər bir halda ictimai münasibətlərin xarakteri daim dəyişir. Həyatda durğun heç nə yoxdur. Dövlət də canlı orqanizmdir.

Belə olan təqdirdə, ümumxalq mənafelərini təmin etmək və bir daha hərbi-siyasi dayanıqlığa nail olmaq, təhlükəsizliyi dönməz etmək üçün respublika idarəçilik formasının daim təkmilləşdirməyə ehtiyac olacaq”.

FİA.Az xəbər verir ki, apreldə keçiriləcək seçkilərdən bir müddət sonra vitse-prezidentlər məlum ola bilər.

hakimiyyətin yeni idarəçilik sistemi Nazirlər Kabinetini lazımsızlaşdırıb. Hətta baş nazirin müavinləri, bəzi nazirlər də vəzifəsini itirə bilər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib.

İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir.

Yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır.

Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür. Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir.

Bu baxımdan da hər kəs Nazirlər Kabinetində islahatların aparılacağını və baş nazir postuna gənc, perspektivli, işlək bir şəxsin gətiriləcəyinə ümid edirdi.

Ancaq hələ ki, bu istiqamətdə hansısa ciddi addımların atılacağı görünmür. Gözlənti budur ki, bütün işlər birinci vitse-prezidentin nəzarətinə keçəcək.

Əgər belədirsə, ümumiyyətlə, baş nazir postu ləğv edilsin, səlahiyyətlər verilsin vitse-prezidentə, zatən bu gün Nazirlər Kabinetinin gözəgörünən fəaliyyətləri yoxdur.

Biz bu siyasətin aydın mənzərəsini 2018-ci ildə görəcəyik. Hökumət seçkilərdən sonra ölkədə əsaslı dəyişikliklərin təməlini qoyacaq.

Fia.Az

Oxunub: 1 512





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69