Baba Rzayev hara baxır? - Ağsudan sonra Qəbələdə qazi borca görə özünü asdı...

Baba Rzayev hara baxır?
Qəbələnin Seyidqışlaq kəndində müharibə qazisi özünü asaraq intihar edib. Buna səbəb işıq və qaz pulu borcu göstərilib

FİA.Az xəbər verir ki,
1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun intiharı sosial şəbəkələrdə məmurlara etirazlarla müşayiət olunub.

Seyidqışlaq kəndinin icra nümayəndəsi Vaqif Mehdiyevlə onunla dost olduğunu bildirib və əlavə edib ki, yaxınları hansı səbəbdən intihar etdiyini bilmir:

“Bu yalnız istintaqın nəticəsində bəlli olacaq. İki övladı vardı, biri hərbi xidmətdə qulluq edir, digəri, qızı isə kollecdə təhsil alır.

Həyat yoldaşına da, işləməyə icazə vermirdi. Deyirdi ki, dövlətdən hər ay evimə 480 manat pul gəlir, yoldaşım niyə işləməlidir ki, qadın xeylağı evdə oturar”.

Bizim kənddə heç qaz yoxdur, necə borclu ola bilər. Bu gün məclis yerində də oldum. Onun yaxınları bu cür xəbərləri yayanlara çox qəzəbləniblər.

Deyirlər ki, niyə əzizimiz haqda olmayanları yazırlar. Evləri yolumun üstündədir. Hər gün işə gedəndə görüşüb danışardıq. Eyni illərdə məktəbdə oxumuşuq, dost olmuşuq”.

İntihar edən şəxs həm də Qəbələ rayon Yaşıllaşdırma İdarəsində də işləyirdi. Amma onun intiharı hələ də müəmmalıdır.

Kənddə qaz yoxdursa, işıq var. Amma müharibə qazisinin işıq pulu borcuna görə intihar etməsi təkzib edilməyib.

Hətta onun intiharında şəxsi amillər varsa da, məlumatın yayılması istər-istəməz insanları qəzəbləndirir ki, məmurlar hara baxırdı. Çünki bir neçə gün əvvəl də işıq pulu borcuna görə Ağsuda intihar olmuşdu.

FİA.Az xatırladır ki, söhbət yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızının yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsindən gedir.

Ölkəni silkələyən bu xəbər sosial şəbəkələrdə böyük etirazlara qarşılanıb. Çünki qadının intihar etməsinə səbəb nə ailədaxili şəxsi münaqişə olub, nə əri tərəfindən zorakılıq.

S.Kərimova məhz işıq pulu borcuna görə canına qəsd edib. Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub.

İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərov təsdiqləyib ki, Səbirənin intiharının səbəbi işıq puludur:

“Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib.

Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər.

Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.

Niyə “Azərişıq” sədri Baba Rzayev və onun yerli idarəyə təyin etdiyi rəis kasıb ailəni işıqsız qoyub? Olmazdı ki, ailəyə güzəşt edilsin?

Eləcə də Qəbələdəki qazinin intiharında işıq pulu borcu təsdiqini taparsa, B.Rzayevin növbəti intihara təhriki kimi qiymətləndiriləcək.

Prezident dəfələrlə bildirib ki, insanlara kömək göstərilsin, güzəşt olunsun. Ancaq milyonları talayanları kasıb təbəqənin 100-200 manat borcundan keçmirlər, möhlət vermirlər.

Fia.Az

Oxunub: 1 391





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69