Füzulidə rəzalət: icra başçısı yas məclislərindən ehsan pulu yığır - İttihamlar

icra başçısı yas məclislərindən ehsan pulu yığır
Füzuli rayonunda "yas monitorinqi" var

FİA.Az-ın verdiyi xəbərə görə,
bu barədə “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev feysbukda yazıb.

Baş yazar bildirib ki, icra hakimiyyətindən yas mərasiminə nümayəndə gəlir, reyd edir, ehsan verilib-verilmədiyi yoxlanır.

Əgər ehsan verildiyi “aşkarlanırsa” ölü sahibindən “hörmət” istənilir. Yəni, Füzuli rayon icra başçısı Alı Alıyev o qədər rəzil günə düşüb ki, RİH nümayəndələri ölü sahibindən ehsan pulu alırlar.

B.Həziyev qeyd eidb ki, Füzuli RİH-dən Qənimət adlı biri gəlib yas məclisində bozbaş qazanı axtarır: “Belə olmaz da. Hər şeyə qarışırlar. Hər şeyi rüşvət mənbəyinə çeviriblər.

Mübariz Qurbanlı bir söz deyib, Ağdamın, Ağcabədinin, Füzulinin başçıları da dərhal bunu qanun kimi icra etməyə başlayıb. Bunları elə bil xüsusi seçib yığırlar. Nadir cinsdirlər lap”.

Göründüyü kimi, təkcə Füzuli yox, Ağcabədi, Ağdam rayonlarında da eyni özbaşınalıq davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı yas məclislərində israfçılıq edilməməsini tövsiyə edib.

Ancaq bu haqda nə qanun var, nə prezident tərəfindən tapşırıq. Ancaq icra hakimiyyətləri inzibati resursları işə salaraq təzyiq göstərir, bu azmış kimi rüşvət yığırlar.

FİA.Az-ın verdiyi xəbərə görə, yas məclislərinə müdaxilələr edilməsi yolverilməz haldır. “Heç kimin yas mərasimlərinə müdaxilə etməyə ixtiyarı yoxdur”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər bəzi rayonlarda keçirilən yas mərasimlərinə polis və bələdiyyə tərəfindən müdaxilə olunması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirmişdi.

Bu il Azərbaycanda yas mərasimlərində yeməkli ehsanlara qadağanın tətbiqinin 4 ili tamam olacaq. Artıq Bakının bir çox qəsəbələrində, o cümlədən ölkənin bir çox rayonlarında ehsan süfrələri verilmir.

Ən son olaraq sentyabrın 1-dən etibarən Bakının Şağan kəndində yas mərasimlərində yeməkli ehsan süfrələri qadağan edilib.

Ardınca isə Gəncə və ətraf rayonlarda, o cümlədən Tərtər və Bərdə rayonlarında yerli icra hakimiyyətlərinin tapşırığı ilə rayonların ərazilərində yas mərasimlərində yemək süfrələri qadağan edilib.

Ancaq hələ də ölkənin bir çox yerlərində, o cümlədən Bakıda yas mərasimlərində yemək verilir. Baxmayaraq ki, hələ 2009-cu ildə isə QMİ-də bu barədə tövsiyə məqsədli çağırış edib.

Eləcə də mətbuatda, cəmiyyət arasında əksər insanlar yemək süfrələrinə qarşı olduğunu bildirir, qadağanı dəstəkləyir. Ancaq bütün bu çağırışlar necə deyərlər, yetərsiz qalır.

Əksinə, neft gəlirlərinin artdığı və manatın dəyərinin yüksək olduğu dövrdə digər sahələrdə olduğu kimi, ehsan süfrələrində də israfçılıq elementləri artıb.

Bakıda daha əvvəl mövcud olan çadırlarda mərasim təşkil edilməsi ənənəsinə “xeyir-şər evləri” əlavə olunub və qiymətlər daha da qalxıb.

Son illərdə Bakıda sürətlə artan “xeyir-şər evləri” böyük gəlir gətirən ehsan biznesinə çevrilib. Bu isə bir neçə amillə izah olunur.

Ancaq müşahidələrimizə əsasən israfçı ehsan süfrələrinin tamamilə ləğv olunması bu istiqamətdə inzibati tədbirlərlə yanaşı, maarifləndirmə işlərinin paralel aparılması, həmçinin yasla bağlı süni xərclərin (qəbir yerləri, baş daşları, meyit yuyulması, molla xidməti və sair) dövlətin öz üzərinə götürməsi və nəhayət nüfuzlu şəxslərin, o cümlədən dövlət məmurlarının, mədəniyyət və ictimai xadimlərin nümunə olması lazımdır.

Fia.Az

Oxunub: 3 893





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69