Sumqayıtda Şimali Koreya rejimi: Bakı çörəyini kimlər yasaqlayıb? - Qalmaqal

Bakı çörəyini kimlər yasaqlayıb?
Bakı çörəyi Sumqayıtda yasaqlanıb

fia.az-ın verdiyi məlumata görə,
Mahir Məmmədli feysbukda bu xəbəri yayıb.

Bakının çörək zavodlarının bişirdiyi məhsullar Sumqayıt mağazalarında satıla bilməz. Market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb və başçı müavini onlarla görüşüb.

Görüşdə deyilib ki, yanvarın 8-dən Sumqayıt ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub.

Marketlər yalnız Sumqayıt çörək zavodunun məhsullarını sata bilərlər. Hətta çörək daşıyan maşınların siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilib.

Əgər Bakıdan Sumqayıta çörək gətirilməsi faktı aşkarlansa, cərimə meydançasına aparılacaqlar.

Bu qərar ciddi narazılıq yaradıb. Çünki çörək satışının əhəmiyyətli hissəsi Bakıdakı istehsalçıların payına düşür.

Bakıda fəaliyyət göstərən bir neçə çörək istehsalı müəssisəsi yaranmış vəziyyətlə bağlı sabah İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyi və Sumqayıtdakı inhisarçılığa son qoyulmasını tələb etməyi planlaşdırır.

Finans.az yazıb ki, Sumqayıt çörək zavodu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur.

Zavodun avadanlıqları Zakir Fərəcovun yaxınları tərəfindən Almaniyadan gətirilib və Sumqayıtda quraşdırılıb.

Lakin istehsal olunan çörəyin keyfiyyəti Bakıdakı müəssisələrin istehsalından keyfiyyətcə geri qaldığı üçün Z.Fərəcov monopoliya yaratmağa üstünlük verir.

fia.az-ın verdiyi məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev xəbəri təkzib edib.

“İndi hansı dövrdür ki, çörək qıtlığı olsun? Təbii ki, belə söhbətlər əsassızdır. Sahibkarlar alıcılara xidmət edir və alıcılar arasında hansı çörəklərə tələbat varsa, onun da satışı təmin edilir.

Bu gün marketlərdə çoxsaylı çörək çeşidləri var. Amma Sumqayıtın zavod istehsalı olan çörək daha çox alınır. Sumqayıtın çörək zavodu kifayət qədər genişdir.

Bundan əlavə, bir neçə çörək sexləri də fəaliyyət göstərir. Ümumiyyətlə, Sumqayıt zavodunda istehsal edilən çörəklər əhalinin təlabatını tamamilə ödəyir”.

O bildirib ki, İcra Hakimiyyəti tərəfindən sahibkarlara qadağa qoyulması, xəbərdarlıq edilməsi məsələsi əhali arasında ajotaj yaratmaq üçün yayılıb:

“Bazar iqtisadiyyatında yaşayırıq. Kimsə hansısa məqsədlə qalmaqal yaratmaq istəyib. Amma rəsmi olaraq İcra Hakimiyyəti tərəfindən bu məsələyə heç bir müdaxilə yoxdur".

“Ölkə.Az”-a göndərilən müraciətdə isə iddia edilir ki,
“çörək Tofiq” kimi tanınan, çörək zavodunun sahibi, Milli Məclisin sabiq deputatı Tofiq Hüseynov şəhərdə çörək satışını inhisara alıb.

İddiaya görə, icra başçısı Zakir Fərəcov da Tofiq Hüseynovun Sumqayıta başqa yerdən çörək gətirilməsinin qarşısını almasına göz yumur.

Sumqayıtda çörək işi ilə məşğul olan kiçik sahibkarlar iddia edir ki, hər gün səhər saatlarında “Çörək Tofiq”in göstərişilə Sumqayıtın Gigiyena və Epidemiologiya şöbəsi şəhərin giriş-çıxışında post quraraq Bakıdan gələn çörək maşınlarını “yoxlayır”:

“Yoxlamanın nəticəsi hər gün eyni olur: Həmin maşınlar Sumqayıta buraxılmır. Bundan başqa “Çörək Tofiq” Sumqayıtda özəl çörək sexlərinin fəaliyyətinə də maneçilik göstərir.

Bununla da Sumqayıtda çörək satışını yalnız özü həyata keçirir. Halbuki, Tofiq Hüseynova məxsus zavodda bişirilən çörək digər sexlərdə bişirilən çörəklərdən qiymətinə görə həm çəkisi azdır, həm də keyfiyyətcə aşağıdır”.

Maraqlıdır ki, xəbər yayılan gündə Zakir Fərəcovun birinci müavini Faiq Kərimov istefa verib.

Faktı Axar.az-a təsdiqləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, F.Kərimov öz istəyi ilə ərizə yazaraq işdən çıxıb:

“Faiq Kərimov bir müddətdir ərizə yazıb və işdən ayrılıb. Səbəbi barədə məlumatımız yoxdur”. E.Qocayev qeyd edib ki, hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, ötən ilin sonunda media iş adamlarının Sumqayıtda incidilməsini yazmışdı. Zərərçəkmi 11 iş adamının icra başçısısndan külli məbləğdə alacaqları var.

Aydın Abdullayev -119532 manat
İsa Qasımov -136500 manat
Eyvaz Abbasov - 201600 manat
Məhəmməd Əsgərov - 176924 manat, 40000 dollar (bayrağın alınması üçün )
Çingiz Mansurov - 248300 manat
Bilal Piriyev - 98339,50 manat
Rəşad Abbasov - 356 00 manat
Bəxtiyar Əlinağıyev - 10270 manat
Zöhrab Rzayev - 264280 manat
İlham Məmmədov - 297 000manat
Elçin Qarayev - 36 000 manat

Fia.Az

Oxunub: 893





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69