YAP axır ki...namizədi açıqladı, şayiələr bitdi: Əliyev niyə önə çıxdı? - Pərdəarxası

Əliyev niyə önə çıxdı?
Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb

FİA.Az xəbər verir ki,
Ə.Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib. Ə. Əhmədov Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin qələbəsinə YAP gənclərinin də töhfə verəcəyinə inandığını vurğulayıb.

YAP icra katibi bununla da namizədlə bağlı söz-söhbətlərə son qoyub. Cəmiyyətdə gedən müzakirələrdə Mehriban xanım Əliyevanın namizəd olacağı deyilirdi. Hakim partiyadan onun namizədliyini dəstəkləyənlər də var idi.

Amma göründüyü kimi, YAP-ın namizədi dəyişməz olaraq qaldı və İ.Əliyev bu ilki seçkidə xalqdan səs istəyəcək.

Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması son illərdir aparılan şayiələrə son qoydu.

Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi.

Çünki “hakimiyyətin namizədi kim olacaq” sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi.

İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu.

Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.

Təbii ki, xalqın böyük əksəriyyəti ona dəstək verəcək və hazırda İ.Əliyevə alternativ namizədlərdən elə nüfuzlusu yoxdur ki, seçkidən qalib çıxsın. Ona görə 7 illik ilk prezident İ.Əliyev olacaq.

İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir.

Baş nazirin müavini partiya sıralarında təmsil olunan gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb:

“Cəmiyyət qaçılmaz surətdə yeni texnologiyalardan asılı vəziyyətə düşüb. Ona görə də gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər.

Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq”.

Bu il prezident seçkilərində iştirak edəcək partiyaların əksəriyyəti prezidentliyə namizədlərini elan ediblər.

Müsavat İsa Qəmbərin, AĞ Tural Abbaslının, VİP Əli Əliyevin namizədliyini açıqlayıb. Hətta MMP də Hafiz Hacıyevin seçkilərdə iştirakını təsdiqləyib.

FİA.Az xəbər verir ki, YAP funksionerləri ayır-ayrılıqda çıxışlarında partiya sədri İlham Əliyevin növbəti dəfə namizədliyini irəli sürəcəklərini bəyan etsələr də, rəsmi qərar yox idi.

Amma nəzərə almaq lazımdır ki, 2013 seçkilərində iqtidar partiyasının namizədi konkretləşmişdi.

2018 seçkilərinə isə aylar qalır və hələ də qeyri-müəyyənlik hökm sürürdü. Bu da iqtidar daxilində yeknəsəq mövqe olmadığına dəlalət edirdi.

Bu ilki prezident seçkilər isə başqalarından çox fərqlənir: geopolitik gedişat, regiondakı vəziyyət, ölkədaxili proseslər, iqtisadi siyasətdə ciddi dəyişikliklər 2018 seçkilərini ötən seçkilərdən ayırır.

Üstəgəl, İ.Əliyev “Sputnik”ə müsahibəsində namizədliyi ilə bağlı konkret qərarı olmadığını açıqlamışdı. İndi Qərbin rəyi maraqla gözlənilir.

Avropa təsisatları ilə rəsmi Bakı arasında 20 ildir davam edən “mehriban düşmənçilik” mövsümi xarakter daşımaqdadır.

Əvvəllər müxalifət düşərgəsi Qərbdən olan təzyiqləri hakimiyyətin dəyişməsinə hazırlıq kimi qiymətləndirirdi.

Sonra illər keçdikcə bu təzyiqlərdə istifadə olunan müxalif qüvvələr, qeyri-hökumət təşkilatları və media anlamağa başladı ki, Qərb əlindəki resurslar hesabına təzyiq rıçaqlarını işə salaraq hakimiyyəti sıxışdırır, bazarlığa gedir və istədiyini qoparıb həmlələri geri çəkir.

Bu nöqteyi-nəzərdən Azərbaycan hakimiyyəti Qərb təşkilatları ilə qabarma-çəkilmə siyasətində böyük təcrübə toplayıb və 2018-ci il prezident seçkilərində Avropa təşkilatlarından hansı reaksiyalar olacağını da öncədən proqnozlaşdıra bilir.

Seçkidən-seçkiyə, beynəlxalq yarışlardan-yarışlara olan bu təzyiq kampaniyaları, iqtidarın Avropada lobbilərə xərclədiyi milyonların qarşılığında nankorluq edən bəzi Qərb siyasətçiləri və mediası sadiqlik prinsipləri tanımadan “yıxılana balta vurarlar” devizinə əməl edirlər.

Bu mənada Qərb təsisatları ilə rəsmi Bakının dil tapmaqda bir çətinliyi və qorxusu yoxdur. Mövcud iqtidar qoca qitənin siyasi təşkilatlarının qarnının sancısını yaxşı bilir.

Əslində, Avropa Şurası və ATƏT hakimiyyətlə münasibətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Avropa İttifaqı da Bakını şar kimi partlayana qədər sıxışdırmaq tərəfdarı deyil. Yalnız son illərdə Avropa Parlamenti ilə Azərbaycan hökumətinin “ulduzları toqquşmur”.

İkincisi, Prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir.

Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək.

Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu, onun nüfuzunun daha da artmasına şərait yaradacaq.

Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, “kimə stavka edək” kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını elan etməklə ölkəni xarici təhlükələrdən də qorudu.

Fia.Az

Oxunub: 5 900





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69