Baş nazir müavini inkar etmir: ölkə erkən deputat seçkisinə gedir? - Pərdəarxası...

 ölkə erkən deputat seçkisinə gedir?
“Erkən parlament seçkilərinin keçiriləcəyi barədə heç bir məlumatım yoxdur”

FİA.Az xəbər verir ki,
bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. O, növbədənkənar seçkilər olacağını inkar etməyib.

Baş nazirin müavini nə təkzib, nə də təsdiq edib. Ə.Əhmədov “Bildiyimə görə, parlament seçkiləri 2020-ci ildə keçiriləcək”, - deyə bildirib.

Yəni, hökumət rəsmisi “bildiyimə görə” deyib. Bu məlumat özünə istinaddan başqa heç nədir. Ə.Əhmədov belə seçkilərin nə vaxt olacağını dəqiq bilmir. Görünür ki, hökumət içində müzakirələr gedir.

Düzdür, erkən parlament seçkilərinə zərurət yoxdur. İki il sonra növbəti seçkinin vaxtıdır.

Amma nə bu Milli Məclisin tərkibi ilə qabağa getmək olar, nə də 2025-də iki seçkinin keçirilməsi strateji baxımdan uyğundur.

Belə parlament nə uzaq Burkina-Fasoda, nə Trinidad-Tobaqoda, nə də Mozambikdə görünüb.

Dünyada belə parlament yoxdur ki, qanun layihəsi səsə qoyulanda 10 deputat düyməni səhv basa, spiker uğunub keçə və təkrar səsqoymaya qoya...

Dünyanın heç bir ölkəsində elə deputat yoxdur ki, gah siyasi rəqiblərini rinqə çağıra, gah da Formula-1 yarışlarını tənqid edənləri “razborka”ya çağıra.

Ancaq bütün bunlar müstəqil Azərbaycanın, cümhuriyyətinin 100 illiyi ərəfəsində Tiflisdə elan olunmuş bir parlamentin bugünkü tərkibində baş verir.

Bəli, bəli, Azərbaycanın Milli Məclisində hər növ millət vəkili görə bilərsiniz. Xalqına “otxod” deyəni də var idi, Ağacan Əbiyev kimi “kimin Formula-1 xoşuna gəlmirsə, gəlsin onu başa salım...” söyləyəni də var, iclas zamanı telefonla oynayanı da.

Təkcə son bir neçə ayda spiker Oqtay Əsədovun deputatlara etdiyi çağırışlara baxın:
“Telefonları söndürün, oynamayın”, “Onlara deyin çayın içib qurtarıb gəlsinləri qanun layihəsini səsə qoyaq”...

Sanki uşaq bağçasıdır, sanki xalqın Milli Məclisində ölkənin, vətəndaşlarının taleyi həll olunmur, sanki qanun layihəsini qəbul etmək başdansovdu bir işdir.

Hələ bu nədir ki, deputat var feysbuku bağlamağa çağırır, deputat var milyonların qəlbində heykəl qurmuş Elçibəy haqda dişinin dibindən töküləni danışır.

FİA.Az xəbər verir ki, belədə isə tək yol qalır - növbədənkənar parlament seçkiləri təyin etmək. Doğrudur, zaman olaraq artıq bu parlamentin müddətinin bitməsinə 2 il qalır.

O halda erkən seçki təyin olunmaya bilər. Amma bu 2 il ərzində deputatların daha hansə hoqqalardan çıxacağına heç kəs zəmanət verə bilməz.

Bəzən hökumət rəsmiləri onlara müxalif çıxan, xaricdə kampaniya aparan fəalları antimilli qüvvələr, antimilli ünsürlər adlandırırlar.

Ancaq gözümüzün qabağında xalqa da, hakimiyyətə də təhlükə yaradan, dövlətlə vətəndaşı üzbəüz qoyan antimilli qüvvə Milli Məclisdəki əksər deputatlardır.

Onların antimilli fəaliyyəti və çıxışları nəticəsində insanların parlamentə inamı, hörməti qalmayıb. İnsanlar millət vəkilinə güvənmirlər, hətta bir çoxu deputatları tanımırlar.

Milli Məclisdə yetərincə biznes adamı olan, “ağzına su alıb” illərlə oturan, parlamentin iclaslarına vaxtaşırı gələn, ölkənin siyasi həyatında fəallıq göstərməyən deputatlar var.

Onları hətta mətbuat da tanımır, müsahibələri, çıxışları olmur, hakimiyyətin mövqeyini lazımi yerdə müdafiə etmirlər, beynəlxalq tədbirlərə getmirlər.

Bu da parlamentin tərkibini yeniləməyi zəruri edir. Artıq köhnə əyyamlar deyil. Hökumətə intellektual, günün nəbzini tutan, çağdaş siyasətlə ayaqlaşan, texnoloji bilikləri olan parlamentarilər lazımdır.

Məsələn, müxalifətdə olsa da Erkin Qədirli, Natiq Cəfərli kimi konstruktiv kadrları parlamentə buraxmaq faydalıdır.

Bu, iqtidarın deyil, bütövlükdə Azərbaycanın mövqeyinin Qərb təşkilatlarının iclaslarında ifadə etməyə labüddür.

Hər halda Əsabil Qasımov, Rüfət Quliyev, Hacı Salayev kimi passiv və kommersant mandat sahiblərindənsə, MM-də xarici dil bilən, aktiv deputatlar görünməlidir.

Digər tərəfdən, zaman və prosedur olaraq növbəti seçkini təşkil etmək çətindir. Beynəlxalq müşahidəçilərin seçkini izləməsi baxımdan problemlər meydana gələ bilər.

Fia.Az

Oxunub: 7 038





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69