İndi də Fəzail Ağamalı - Zərdüşt Əlizadə qırğın başladı: “Elçibəy dəstəsində...” - Şok təfərrüat

“Elçibəy dəstəsində...”
Seçki ili qalmaqallı müzakirələrlə müşahidə olunur. Xalq Cəbhəsi dövrünün arxaik müzakirələri gündəmi zəbt edib

Bu polemikalarda Xalq Hərəkatı dövrü, o dönəmin siyasətçilərinin səhvləri, çıxışları, bir-birini ittiham etmək diqqət çəkir. Cəmiyyətin başını köhnə söhbətlərə qatanlar aktual məsələləri arxa planda məqsədli şəkildə saxlaya bilirlər.

FİA.Az-ın xəbərinə görə, yazar Kəramət Böyüçölün xalq şairi Xəlil Rza Ulutürkü təhqir etməsi və sonra yazdığı statusu silməsi yenicə gündəmdən çıxmışdı.

İndi də Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsahibəsində görkəmli ziyalı Xudu Məmmədovla xatirələrindən danışıb.

O, bildirib ki, Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər:

“Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi.

Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.

Tanınmış politoloq Zərdüşt Əlizadə Fəzail Ağamalının səsləndirdiyi ittihama münasibət bildirib:
“Fəzailin heç xəbəri yoxdur ki, həmin muzey dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyidir. Heç o, həmin tədbirdə olmayıb.

Sadəcə, ucundan-qulağından eşitdiklərini özünə sərf edən şəkildə danışır. Həqiqətən də orada Xalq Cəbhəsinin yaradılması ilə bağlı iclas keçirilirdi.

İclasda Azərbaycanın bir neçə görkəmli ziyalısı – Fərhad Bədəlbəyli, kinorejissor Eldar Quliyev və Xudu Məmmədov iştirak edirdi. Təxminən 70-ə yaxın adam vardı.

Görüş zirzəmidə təşkil edilmişdi. Hətta pilləkənlərdə də insanlar əyləşmişdi. Görüşdə Xalq Cəbhəsinin proqram layihəsini öz əlimlə yazıb, çap edib genişləndirmişdim.

Xudu müəllim əyləşəndə bir də gördüm ki, xırıldayır. Həkim komandası tez onu yuxarı qaldırdı. Sonra təcili yardım gəldi və dedilər ki, Xudu müəllim artıq keçinib.

Məlum oldu ki, bu, Xudu Məmmədovun keçirdiyi 3-cü infaktdır. Bundan əvvəl 2 dəfə infakt keçirib.

Elə alındı ki, Əbülfəz Elçibəy başının dəstəsi ilə AXC sədri oldu. Başının dəstəsində isə Fəzail Ağamalı kimi təxribatçılar vardı”.

FİA.Az-ın xəbərinə görə, sosial şəbəkələr və internet mediası Elçibəy, hərəkat dövrü və s. müzakirələri uzatmağa can atır. Ölkənin indi qarşılaşdığı daha ciddi problemlər var ki, müzakirə olunmur.

Politoloq Zərdüşt Əlizadə bundan qabaq müsahibəsində Xəlil Rza Ulutürkun milli ədavəti qızışdıran bir adam olduğunu söyləyib:


“Heç vaxt fikirləşmirdi ki, bu xalqın sonu nə olacaq? Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz erməniləri tüpürcəklə boğmalıyıq.

Hansı tüpürcəklə? Hansı millətin tüpürcəyi ilə erməniləri qovmaq olardı? Sən görmürsən ki, KQB erməni və Azərbaycan xalqların vuruşdurur ki, ortaya bir qarmaq salsın? Xəlil Rza Ulutürk isə KQB-yə xidmət edib qışqırır ki, ermənilərə lənət olsun.

Görmürsən ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var? Sən şairsən, ziyalısan, bəs bilmirsən ki, qazdığın xəndəyə xalqın yıxılacaq?”

Əslində, cəmiyyətin atomlaşması, sosial gərginliyin ən yüksək fazaya keçməsi, iqtisadi şəraitin pisləşməsi, borcların artması, kredit və s. sosial çətinliyi olan ailələrin gündəlik həyatının ağırlaşması ayrı-ayrı fərdlərin timsalında intiharlarla müşahidə olunur.

Təşkilatlanma ümidini itirmiş insanlar fərd-fərd özünü yandırmağa, asmağa, qatarın altına atmağa, bulvarda dənizə tullamağa üstünlük verirlər.

Dövlət rəsmiləri neftin dünya bazarında bahalaşmasından şadyana olublar, ölkədə iqtisadi artımın olacağından bəh-bəhlə danışırlar.

Lakin çılpaq reallıq ondan ibarətdir ki, banklar bağlanır, iş yerləri azalır, təklif olunan maaş bir ailənin dolanışığına yetmir, artırılan əmək haqqı məbləği bir kilo ətin pulu eləmir, əvəzində isə deputatların aylıq məvacibi 800 manat qaldırılır.

Fia.Az

Oxunub: 2 941





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69