Gündəmdə zəlzələ: Ölkə növbədənkənar seçkiyə gedir - şok səbəblər, rəylər, reaksiyalar…

Ölkə növbədənkənar seçkiyə gedir
Hələ 2 ay öncə, dekabrın 7-də millət vəkili Zahid Oruc Milli Məclisdə prezident seçkilərinin erkən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi

Deputat prezident seçkisinin qabağa çəkilməsini və martda keçirilməsini təklif etmişdi. Z.Orucun təklifi hakimiyyət “mətbəxi”ndən sızan bir mesaj idi.

Yəni, iqtidarın ssenarisi hakim elita tərəfindən millət vəkilini ötürülmüşdü. Bu da siyasətdə kifayət qədər normal haldır.

FİA.Az-ın Siyasət Şöbəsi ötən günün şok sərəncamını və təfsilatını,
reaksiyalarını təhlil edərək yazır ki, Z.Orucun 2 ay qabaq verdiyi ismarıc gerçəkləşdi.

Bəli, Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinə gedir. Fevralın 5-də dövlət başçısının imzaladığı bu sərəncam siyasi gündəmdə zəlzələ effekti verdi.

Ancaq buna qədər Z.Orucun təklifini xatırlayaq:
“Hazırki reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenlİyinin yeganə təminatçısıdır. Onun alternativi xaosdur.

Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda, 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır.

Fövqəladə hal sayılmasa da, iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir.

Birləşmiş Ştatların və bir sıra Qərb dövlətlərinin həyatı üçün xarakterik olan belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin (2018-ci il nəzərdə tutulur – red.) mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı”.

FİA.Az xəbər verir ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə isti-isti təhlil edən “Atlas” Araşdırmalar Mərkəzi olub.

Mərkəz rəhbəri, ekspert Elxan Şahinoğlunun seçkilərin qabağa çəkilməsini üç amillə əlaqələndirib:

“Birinci amil ölkədəki sabitliyin qorunmasıyla bağlıdır. Seçki oktyabr ayında keçirilsəydi, müxtəlif namizədlər irəli sürüləcək, bloklar yaranacaq, ən azı 7 ay siyasi atmosfer gərginləşəcəkdi.

Hakimiyyət bunu istəmir. Bölgədə vəziyyət də stabil deyil. Ətraf toz-dumandır.

Maraqlı dövlətlərin oktyabr ayına hazırlaşaraq Azərbaycandakı gərgin seçki kampaniyasından öz məqsədləri üçün istifadə edəcəyi istisna deyildi.

İkinci amil xarici təhlükə ilə bağlıdır. 2013-cü il prezident seçkisində Rusiyadakı mərkəzlər müdaxilə planı hazırlamış, Rusiyadakı azərbaycanlı oliqarxları siyasi fəaliyyətə cəlb etmişdi.

Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və hakimyyəti rahatladı.

Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, Rusiyadakı mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi.

Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki Rusiyadakı seçki ilə Azərbaycandakı seçki arasındakı zaman fərqi çox az olacaq, müdaxilə üçün vaxtları çatmayacaq.

Üçüncü amil Azərbaycanda may ayında Cumhuriyyətin quruluşunun 100 illik tədbirləri ilə əlaqəlidir.

Prezident bu tədbirləri may ayında daha güvənilir şəkildə keçirmək istəyir. Üstəgəl mayın 28-də böyük amnistiya nəzərdə tutulub. Həmin amnistiya siyasi məhbus kimi qiymətləndirilən bir çox şəxsə şamil edilə bilər.

Məsələn, prezident seçkisinin aprel ayında təyin edilməsi Respublikaçı Alternativ Hərəkatının lideri İlqar Məmmədovun may ayında azad olunması ehtimalını artırır.

Əks halda İlqar Məmmədov mayda əfvdən sonra oktybar ayında prezident seçkisində iştiraka hazırlaşacaqdı. Belədə isə o prezident seçkisində iştirak etməyəcək”.

FİA.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə elan olunan növbədənkənar prezident seçkilərindən danışıb.

Əli Həsənov bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.

O, bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini vurğulayıb.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov açıqlamasının da bunun normal addım olduğunu söyləyib: "Burada qeyri-adi heç nə yoxdur.

Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni, burada Konstitusiyaya zidd nəsə yoxdur".

Z.Oruc isə sual edib ki, seçki oktyabrda keçirilsəydi, ölkədə 25 ildir, özlərini hakimiyyətdən kənar saxlayanlar, elektoral bazanı itirənlər, siyasi tənha durumuna gəlib çatanlar seçkiyə fərqli durumda daxil olacaqdılar:

“Burada hansı hazırlıq məsələsindən söhbət gedə bilər? Yəni vaxtın tez və ya gec olması vəziyyəti dəyişmir.

Bu qərarın verilməsinə həm ölkənin təhlükəsizlik maraqları, həm ölkənin siyasi gələcəyi, həm də hakimiyyət orqanlarının formalaşmasındakı zaman ardıcıllığı təsirini göstərib”.

AXP sədri Pənah Hüseynin növbədənkənar seçkinin təyin edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iqtidar daxilində və ictimai-siyasi vəziyyətdə durum heç də iqtidar təbliğatçılarının dediyi kimi aydın deyil:

“Əks təqdirdə növbəti seçkiyə bir neçə ay qalmış növbədənkənar seçkinin təyin olunmasını başqa cür izah eləmək mümkün deyil.

Müxalifət qarşıdakı 7 ay yarım ərzində nə edə biləcəkdisə, onu qarşıdakı iki ay ərzində edə bilər. Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır və iqtidar tərəfindən buna hansı izahatın veriləcəyidir.

Baxmayaraq ki, bir neçə gün öncə YAP-ın vəzifəli şəxsləri birmənalı şəkildə YAP-ın namizədinin İlham Əliyev olacağını qeyd ediblər, amma digər iqtidar namizədinin də olacağı istisna deyil. Yəqin ki, yaxınlarda buna da aydınlıq gələcək”.

Fia.Az

Oxunub: 1 921





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69