AŞPA-dakı korrupsiya skandalı Səməd Seyidovu bitirir - prezident qəzəbli...

AŞPA-dakı korrupsiya skandalı Səməd Seyidovu bitirir
AŞPA-dakı korrupsiya skandalı nümayəndə heyətimizin rəhbəri, deputat Səməd Seyidovun istefaya göndərilməsi ilə nəticələnə bilər

FİA.Az-ın verdiyi məlumata görə,
S.Seyidovun ehtiyatsız davranışı və məsələnin üstünü açılması ölkənin Avropada nüfuzuna ciddi zərər vurub.

Rəsmi Bakının bu korrupsiya qalmaqalını gündəmdən çıxarmasının yolu S.Seyidovun nümayəndə heyətinin rəhbəri mandatından məhrum etməkdir.

Ümumiyyətlə, AŞPA nümayəndə heyətinin istefaya göndərilməsi və yeni tərkibin formalaşdırılmasına zərurət yaranıb.

Ölkə və beynəlxalq aləmin gündəminə bomba kimi düşən AŞPA korrupsiyası ifşa ediləndən sonra nümayəndə heyətimiz dərhal istefaya getməli, rəhbəri Səməd Seyidov xalqdan üzr istəməli idi.

Ancaq S.Seyidov Azərbaycanın Avropa ailəsindən ayrılmasını vecinə almayaraq ən həyasız şəkildə bəyan edir ki, “mənə Avropa Şurası lazım deyil”.

Sənə lazım deyil, Azərbaycana lazımdır. Sən Azərbaycan deyilsən, axı?!

AŞPA-dakı nümayəndə heyətindən Asim Mollazadə, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova və digərlərinin isə səsi də çıxmır. Ayıblarına kor olurlar.

Azərbaycanın adını batıran, Avropada biabır edən, skandala səbəb olan AŞPA nümayəndə heyətimizin yarıtmaz fəaliyyəti indi bizi qoca qitənin gündəminə çevirib.

FİA.Az-ın verdiyi məlumata görə, prezidentin S.Seyidova qəzəbli olduğu, deputatın üzərindən xətt çəkildiyi iddia edilir.

Pedro Aqramunt və digər avropalı deputatlara seçkilər vaxtı zinət əşya, kürü, pul və ən axırda fahişə xidmətindən istifadə təklifi ölkəni dünyanın qabağında rüsvay etdi.

Seçkidən sonra prezident komandaya ciddi şəkildə əl gəzdirdi. Nazirlər Kabineti gəncləşdirildi, əksər qoca və korrupsiyaya bulaşmış nazirlər yola salındı.

Onları əvəzləyən gənc nazirlərə olan ümid Milli Məclisin də tərkibinin yenidən və cavanlardan formalaşdırılmasını zəruri edir.

Azərbaycanda kifayət qədər xarici təhsilli, iqtisadi-siyasi bilikləri olan, səriştəli gənclər var ki deputat mandatına layiqdirlər.

Nəinki Hadı Rəcəbli, Hacı Madər, Əsabil Qasımov, Rafael Cəbrayılov, kimi biznesə başı qarışan, Hüseynbala Mirələmov və digərləri kimi seçici ilə maraqlanmayan, Səməd Seyidov kimi avropalı deputatlarla danışıqları üz-gözünə bulaşdıranlarla işləmək xeyir gətirir.

Baxın, adı rüşvətə, özbaşınalığa, biznesə, vətəndaşlara qarşı qanunsuzluğa qarışan nə qədər mandat sahibləri var:

Nəriman Əliyev, Elmira Axundova, Rüfət Quliyev, Mirzəcan Xəlilov, Rafael Cəbrayılov, Madər Musayev, Ağalar Vəliyev, Hacı Salayev, Xanlar Fətiyev və siyahını kifayət qədər uzatmaq olar.

S.Seyidov isə daxildə yox, xaricdə rüşvətdə adı hallanmış deputatdır. Belə millət vəkilləri ilə təmsil olunmaqdansa, prezident sağlam komanda ilə işləməyi üstün tutur.

Artıq o tarixi zərurət yetişib ki, prezident xalqın gənc, müasir Milli Məclisinin formalaşması üçün seçki təyin etsin. Bunun ilkin mərhələsi isə Aqramunt skandalında iştirakı olan deputatların mandatının ləğvidir.

Xatırladaq ki, Pedro Aqramunt AŞPA-nın 2012-ci ilin payızında və 2013-cü ilin qışında keçirilən sessiyalarında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasser tərəfindən Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı sənədlərin əleyhinə olub.

Fia.Az

Oxunub: 5 331





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69