Fuad Poladov ölkəni silkələdi: nazir xalqı iqtidarın üstünə qaldırdı - Təfsilat/Rəy

nazir xalqı iqtidarın üstünə qaldırdı
Görkəmli aktyor Fuad Poladovun vida mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və ümumilikdə iqtidarın münasibəti cəmiyyəti ayağa qaldırdı

FİA.Az-ın verdiyi xəbərə görə,
vida mərasimində müxalifətdən olan liderlərin iştirakı isə hökumətə tənqidlərin dozasını artırıb.

Hətta hakimiyyətyönlü Azər Həsrət feysbuk hesabında hökuməti “topa tutub”. Onun sözlərinə görə, xalqın sevimlisi olan Fuad Poladovun ölümü hər kəsi dərindən kədərləndirdi.

“Əlbəttə, üsyan edəcək halımız yox. Bir gün gələn bir gün gedəcək. Amma üsyan ediləcək başqa bir durum var: niyə onun nəşi uzun illər səhnələrini bəzədiyi teatrlardan birindən götürülmədi?

Niyə bu qədər nəhəng bir sənət adamının dəfnində heç bir nazir - özəlliklə də mədəniyyət naziri iştirak etmədi?

Və niyə meydan Əli Kərimlilərə, Cəmil Həsənlilərə buraxıldı? Nədir, Fuad Poladov müxalifətin adamıydı? Elə deyildi axı. Niyə ona son anda müxalifət sahib dururmuş kimi görüntü olmalıydı?

Məgər bu nəhənglikdə sənət adamına dövlət sahib durmalı deyilmiydi? Niyə dövlətin bu sahəyə məsul şəxsləri bu adi gerçəyi anlayacaq durumda deyillər? İzah istərəm, izah!”

FİA.Az xəbər verir ki, A.Həsrət hesabat tələb edib: “Hər bir vətəndaş, əsasən də dövlətin siyasətini mənimsəmiş insanlar buna ağlabatan bir izah istəmə haqqına sahibdir!

Sən Fuad Poladov kimi nəhəng şəxsiyyətlərə sahiblənməzsən, fürsətçi əlikərimlilər bir anda ona sahiblənərlər. Bunu doğrudanmı anlamırsınız?”

Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı baş sağlığı verməməsi, həmçinin, onun dəfninə qatılmaması cəmiyyətdə ciddi tənqidə məruz qalıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndirilir.

Gununsesi.info-nun əməkdaşı hörmətli nazirə telefon açaraq, onun mövqeyini soruşub. O, bir anlıq fikrə gedir və “Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm” söyləyir.

Jurnalist nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyaya telefon açıb.

Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan “Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək:

“Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”.

Bu açıqlama ilə nazirlik özü belə biabırçı vəziyyətə düşüb. Ə.Qarayevin hərəkətini heç cür ört-basdır edə bilmirlər. Əslində nazir bu hərəkəti ilə xalqı hakimiyyətin üzərinə qaldırdı.

Orduxanların xaricdən ölkəni söyüb camaatı qızışdırmasından heç bir fərqi olmayan bu biganəlik nəticəsində hakimiyyətlə xalqı üz-üzə qoydular.

Fuad Poladova olan sevgi bu xalqın nümunəyə olan yanğısının, şəxsiyyət defisitinin gətirdiyi susuzluğun göstəricisidir. Mayın 5-də Azərbaycanı xalqını Fuad Poladov nümunəsi birləşdirdi – düşüncə və virtualda.

FİA.Az xəbər verir ki, azərbaycanlılar uzun müddət aradan ilk dəfə idi ki, həmrəylik nümayiş etdirirdi – ləyaqətli, istedadı ilə şəxsiyyəti çulğalaşdıran bir aktyora görə.

O, istisna aktyorlardan idi ki, səhnədə və həyatda artistlik eləmirdi, öz xarakterini, rolunu oynayırdı. Və Fuad bəyə görə olan birlik həm də ləyaqət simvolunun ətrafında birləşmək idi.

Xalq bununla hökumətə, onun məmurlarına, məddahlarına, mükafat və ordenlər üçün sıraya düzülən yaltaqlarına, 2 otaqlı ev üçün simasızı itirənlərə, urvatsız ölüb gedən və torpağa tapşırılmamış ünvanına nələr yazılmayanlara mesaj verdi. Fuadın ölümünə olan reaksiyalar bir izdihamlı mitinqə bərabər idi.

Hətta bunu düşmən düşmənə belə eləməzdi ki, nazir Əbülfəs Qarayev elədi: Allahın rəhmətini də dilə gətirmədi.

Sən doğurdanmı görkəmli Qara Qarayevin nəslindənsən, cənab nazir? Bu nə laqeydlik, bu nə hörmətsizlik?!

F.Poladovun sağlığında heç zaman nazirliyə və onun rəhbərinə ehtiyacı olmayıb. Elə son müsahibəsində də belə demişdi:

“Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan".

Ə.Qarayev bu sözün hikkəsini elədi, bu müsahibədəki acı həqiqətin qarşısında duruş gətirə bilmədiyi üçün cılız addım ataraq başsağlığı vermədi, dəfnə getmədi. Belə mədəniyyət naziri olmaz olsun.

“AzDrama”nın rəhbəri Azər Paşa Nemətovun “Ölüb, Allah rəhmət eləsin, xəstəyəm” deyib, sonra bu sözünə xalq etirazını görəndə sağalıb vida mərasiminə getməsi ilə Əbülfəs Qarayevin susqunluğu, biganəliyi arasında heç bir fərq yoxdur.

F.Poladovun ləyaqətlə yaşadığı kimi, ölümü də şərəfli oldu. Elə Ə.Qarayev və digərləri də hamı kimi bir gün bu dünyadan gedəcəklər, necə yaşayıblarsa, elə...

Fia.Az

Oxunub: 2 623





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69