10 il sonra: müxalifətin seçkini boykot fiaskosunun şok pərdəarxası

müxalifətin seçkini boykot fiaskosunun şok pərdəarxası
İsa Qəmbər, Əli Kərimli və Lalə Şövkət seçkiyə getmədilər

FİA.Az-ın yaydığı məlumata görə,
onlar boykot qərarı veriblər.

Müxalifətin ənənəvi liderlərinin bu qərarı 2008-ci ildə də olmuşdu. 10 il sonra yenə boykot qərarı verilməsi düşərgənin növbəti iflasıdır.

Müxalif partiyalar seçkidən özünü təcrid etməklə hakim partiya qarşısında məğlubiyyəti legitimləşdirmiş olurlar. Onlar iqtidar önündə “yaşıl işıq” yandırırlar və işini yüngülləşdirirlər.

Siyasətdə artıq naftalin qoxusu verənlərin də boykot qərarı cəmiyyətə nə təsir edir, nə ictimai rəyi dəyişdirir. Ona görə də 10 il sonra təkrar boykot qərarı müxalifətin fiaskosudur.

Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində namizədlərin adları məlumdur.

İndiyədək altı nəfər növbədənkənar Prezident seçkilərində namizəd olacağını bəyan edib. Daha bir neçə nəfərin də namizədliyinin irəli sürüləcəyi ehtimal edilir.

Belə ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilən qurultayında YAP sədri, hazırki Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) ötən il mayın 28-də keçirilən qurultayında Prezident seçkilərində partiya sədri Əli Əliyevin namizəd olacağı açıqlanıb.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı da növbədənkənar prezident seçkilərində namizəd olacaqlarını bəyan ediblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sonuncu qurultayında partiya sədri, deputat Fərəc Quliyevin növbəti Prezident seçkilərində namizəd olacağı barədə qərar qəbul edilib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin seçkilərdə namizəd olub-olmayacağı yaxın günlərdə açıqlanacaq.

FİA.Az-ın yaydığı məlumata görə, 1991-ci ildən bəri boykotlar müxalifəti iflasa aparıb.

Boykot müxalifəti hansı istiqamətdə inkişaf etdirib yaxud hakimiyyətə nə dərəcədə təhlükə yaradıb? Bu eksperiment bircə dəfə fayda verməyibsə, təkrar sınağın mənası nədir?

Gəlin keçmişə baxaq:

1991. Xalq Cəbhəsi SSRİ-nin saxlanmasını nəzərdə tutan yeni ittifaq müqaviləsi üzrə referendumu boykota çağırır. Həmin il Ayaz Mütəllibovun qələbəsi ilə başa çatan prezident seçkisi də müxalif qüvvələrin boykotuna məruz qalır.

Bu boykot kampaniyasının maraqlı cəhəti Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasında seçkilərin ümumiyyətlə keçirilməməsi olur.

1993. Yenicə hakimiyyətdən salınmış Xalq Cəbhəsi və müttəfiqləri prezident Əbülfəz Elçibəyə etimad referendumunu, ardınca isə Heydər Əliyevin qalib gəldiyi prezident seçkisini boykota çağırır.

1998. AXC, Müsavat, Demokrat, Liberal, Ədalət partiyalarının təşkil etdiyi müxalifət koalisiyası Heydər Əliyevin ikinci müddətə seçildiyi prezident seçkisinə qatılmır.

2000. Parlament seçkisində saxtakarlığa etiraz edən partiyalar Milli Məclisi tanımamaq, onun işində iştirak etməmək və təkrar seçkilərə qatılmamaq haqda razılığa gəlirlər. Sonradan bəzi müxalif qüvvələr bu razılaşmanı pozurlar.

2002. Müxalifət qüvvələri Azərbaycan Konstitusiyasında bəzi mürtəce dəyişiklikləri nəzərdə tutan referendumu boykota çağırır.

2004. AXC, Demokrat və Müsavat partiyalarının başçılıq etdiyi müxalifət koalisiyası bələdiyyə seçkilərini boykot edir.

2005. Parlament seçkisində saxtakarlığa etiraz edən “Azadlıq” seçki bloku və ona yaxın qurumlar Milli Məclisi tanımamağa, mandatlardan və təkrar seçkilərdən imtinaya çağırırlar.

Müstəqillik tarixinin siyasi həyatına kiçik ekskursiya kifayət edir ki, Xalq Cəbhəsinin hər mərhələdə boykota üstünlük verdiyini görəsən və hər dəfə də acı məğlubiyyət yaşadığını xatırlayasan.

Əl-qolunu sallayıb mübarizənin kənarında ofsayd vəziyyət dayanaraq baş verənlərə seyrçi qalmaq, dişi-dırnağı ilə mümkün potensialını mübarizəyə həsr edənləri iqtidarın oyununda dekorasiya adlandırmaq ən azı siyasi etikasızlıqdır.

Ümidsizlik və təslimiyyət toxumlarını səpənlərin 1991-ci ildən mistik boykot gedişində hansısa siyasi sir pərdəsinin olduğu da istisna deyil. Eyni yol, eyni kombinasiya və ayrı-ayrı platformalar, bloklar, təşkilatlar adı altında…

Fia.Az

Oxunub: 1 542





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69