Qaçqına, pensiyaçıya qəpik verən ölkədə... nazir oğlu milyonlar yeyir - Müdhiş faktlar

nazir oğlu milyonlar yeyir
Pensiyaşlara 110 manat, qaçqına ayda 36-40 manat verilən bir ölkədə 100 milyonlarla xərc çəkilərək “Formula 1″ yarışının keçirilməsi nə qədər absurd olsa da, nazir oğlunun “Bizə Azərbaycanda Formula 1 yarışı keçirmək çox xoşdur” deməsi təsadüfü deyil.

FİA.Az xəbər verir ki,
Azərbaycanda “Formula 1″ yarışının keçirilməsinin dövlətə və millətə heç bir xeyri olmasa da bəzilərinin milyonlar qazanmasına səbəb olur.

Söhbət gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdan və onun verdiyi müsahibədə özünüifşadan gedir.

“Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik.

Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq”,-deyə nazir oğlu belə deyir.

Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub.

Azərbaycan hökuməti bu yarışları 10 il ard-arda Bakı şəhərində keçirmək haqda öhdəlik götürüb.

Yarışların təşkili üzrə eksklüziv hüquqlar isə bir başqasına deyil, 30 yaşlı Britaniya vətəndaşı Arif Rəhimova verilib. Heç bir tender keçirilmədən.

Demək ki, vəziyyət dəyişməsə, yəni nazirlikdə hər şey öz axarı ilə davam edərsə, Arif Rəhimov 2026-cı ilədək «Formula 1» yarışlarında ona tapşırılan işi görəcək.

FİA.Az xəbər verir ki, avtomobil yarışları Arif Rəhimovun atasının nazir kimi nəzarət etdiyi sahəyə ayrılan dövlət vəsaitindən xeyir götürdüyü heç də yeganə qazanc mənbəyi deyil.

2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının yarış arenalarının bir çoxu yerli mediada ona aid olduğu bildirilən «DDLAR Group» Şirkətlər Qrupu tərəfindən inşa olunub. Əlbəttə ki, yenə heç bir tender və müsabiqə olmadan.

Gənclər və İdman Nazirliyi yüz milyonlarla manat smeta dəyəri olan idman qurğularının tikintisini, eləcə də “Baku Crystall Hall”un Avropa oyunlarına hazırlanması «DDLAR Group» QSC-yə həvalə edib.

Göründüyü kimi, Azərbaycanda insanlar iş yerlərində istismar olunurlar, 500-600 manat maaşla güclə dolanırlar, kirayələrdə sürünürlər, kredit borcları içində boğulurlar, nazirin oğlu isə kef çəkir, F-1 yarışlarından milyonlar mənimsəyir.

Bu cür bədxərclik, israfçılıq kimlərisə varlandırırsa, milyonlarla azərbaycanlının boğazından kəsilərək məhrumiyyətlər içində yaşamasına gətirib çıxara bilir.

FİA.Az xəbər verir ki, Azad Rəhimovun şəxsi maraqlara xidmət edən idarəetməsi bir zamanlar idmana böyük həvəs göstərən gənclərin indi çayxanalarda vaxt kecirməsinə səbəb olub.

Belə ki, nazirliyin qarşısına qoyulan vəzifələrin icra edilməməsi və olimpiya komplekslərində idmançıların məşq etməsi üçün saatlara uygun olaraq rüşvət tələb edilməsi sağlam gəncliyə inanan insanların ümidlərini alt-üst edir.

Yarıtmaz fəaliyyət nəticəsində nazirliyin balansında olan idman məktəbləri də baxımsızlıqdan idmançı yetişdirmək öhdəliyini icra edə bilmirlər.

Olimpiya komplekslərinin, idman məktəblərinin uçulub dağılmaqda olan binalarının əziyyətini çəkən idmançı gənclərin taleyinə biganə qalmaq qarşıya qoyulan vəzifələrin necə "icra olunduğuna” nümunə ola bilər.

Nazirliyin idmana "diqqəti” nəticəsində yaranmış vəziyyət sadəcə Azad Rəhimovun biznes imperiyasının möhkəmlənməsinə xidmət etməkdədir.

Azad Rəhimovun yerlərdəki gənclər və idman idarələrinə üz tutub yardım istəmək və ya problemlərini ifadə etmək mümkün deyil.

İdmançıların taleyinə biganə qalan nazirliyin rayon və şəhərlərdəki balaca rəhimovları ölkədə idmanın məhvinə aparan fəaliyyətə sadiqdirlər.

Onlar rayon və şəhərlərdə idmanın inkşafına diqqət ayırmaq əvəzinə, ayda bir dəfə nazirliyə gəlib rəsmi sənədlərdə qeyd olunan "yardım” siyahısına imza atırlar.

Özlərinin əlində gətirdiyi tədbirlər planını təsdiq edəndən sonra nazirliyin ayırdığı vəsaitin 30%-ni götürüb otaqlarına geri dönürlər.

Azad Rəhimovun bu qaydaları ilə nazirliyə ayrılan və sadəcə sənədlərin dili ilə xərclənən milyonların hara getdiyini görən olmur. Beləcə batmaqda olan idman sahəsi sadəcə sənədlər üzərində inkşafda olduğunu təsdiq edir.

Fia.Az

Oxunub: 3 816





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69