İki nazirlik Vəzirovun qohumunun taladığı musiqi kollecinə çağırıldı - İddialar

İki nazirlik Vəzirovun qohumunun taladığı musiqi kollecinə çağırıldı
Təhsil Nazirliyi Ağdam Musiqi Kollecinin fəaliyyətini yoxlamağa çağrılır

Bu barədə FİA.Az-ın verdiyi xəbərə görə,
sosial şəbəkələrdə status paylaşılıb.

Ağdam sakinləri Feysbukda yazıblar ki, nazirlik kollecdə təftiş aparmağa göstəriş versə, ciddi faktların üstü açıla bilər.

Feysbuk istifadəçiləri qeyd edirlər ki, kollecin direktoru Laura Ağayeva təhsil ocağını bazara döndərib.

Bunun faciəvi nəticəsidir ki, son 20 ildə musiqi kolleci Azərbaycan xanəndəlik məktəbinə bir nəfər istedad verməyib.

Ağdam Musiqi Kollecinin Respublika Muğam Musabiqəsində heç bir tələbəsi nəticə göstərməyib.

Hərçənd, bu bölgəmiz xanəndələr yetişdirir. Kollecə illər ərzində milyonlarla manat dövlət vəsaiti xərclənib.

TN və maliyyə naziri Samir Şərifov L.Ağayevanın vəsaitləri necə sərf etməsini araşdırarsa, cinayət məsuliyyəti yaradan maxinasiyalar aşkarlana bilər.

Onun məşhur “məktəbin bəzəyi tələbə, tələbənin bəzəyi isə puldur” sözü indi Ağdamda dillərdə dolaşır.

L.Ağayeva hər tədris ilində rayon icra hakimiyyətinə təqdim etdiyi hesabatda kollecdə 314 tələbənin təhsil aldığını göstərib.

Ancaq mediada gedən məlumatlarda bildirilir ki, hər tədris ilində kollecdə 700-dən artıq tələbə təhsil alır.

Yəni, Təhsil Nazirliyi məsələyə müdaxilə edə bilər. Belə görünür ki, musiqi kollecində qanunsuz tələbə qəbulu bazarı açılıb.

Odur ki, həm Maliyyə Nazirliyi, həm Təhsil Nazirliyi L.Ağayevanın rəhbərlik etdiyi kollecdə araşdırmalar apara bilər.

FİA.Az xəbər verir ki, rəqəmdən artıq olan 473 nəfər tələbə Dövlət İmtahan Mərkəzinin təyin etdiyi imtahanlardan keçmədən Ağdam Musiqi Kollecində oxuyurlar.

Yeri gəlmişkən, bir vaxtlar həmin musiqi kollecində “Rast” xalq çalğı alətləri ansamblı fəaliyyət göstərib.

Görkəmli xanəndə Mayis Salmanov və Şahmalı Kürdoğlunun təşəbbüsü ilə yaradılmış həmin musiqi kollektivi böyük şöhrət qazanıb.

1987-ci ildə «Rast» dəsgahını Azərbaycan televiziyasında lentə yazdıran ansambl sonralar biganəlik ucbatından dağılıb.

İş o yerə gəlib çatıb ki, musiqi kollecinin tələbələri öz ad günlərində, kollecdə keçirilən tədbirlərdə toylara gedən ara çalğıçılarını və xanəndələrini tədbirə dəvət edirlər.

Çox biabırçı, utandırıcı bir vəziyyətdir. Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə keçirilən Muğam musabiqələrində adı çəkilən kollecdən bir nəfər də olsun tələbə iştirak edə bilməyib.

Bir haşiyəyə çıxaq ki, L.Ağayeva respublikanın keçmiş rəhbəri Ə.Vəzirovun yaxın qohumudur. O, hələ 20 il bundan əvvəl Ağdam Musiqi Texnikumuna direktor təyin olunub.

İlk gündən direktor işləyən Ağayevanın missiyası dövlətin məktəbə ayırdığı pulları hər mənimsəmək, tələbələrin pul verməsinə şərait yaradan mühit formalaşdırmaq olub.

Mediada yayılan iddialara görə, məktəbi təftiş edən Maliyyə Nazirliyinin zona müfəttişi maliyyə fırıldağının üstünü açmayıb.

Direktor L.Ağayeva tərəfindən ona «Mersedes» markalı avtomobil bağışlandığı deyilir. Bu avtomobil məktəbdə tələbələrin qəbulu və oxuduqları dövrdə alınan pulun hesabına imiş.

Sosial şəbəkələrdə yazılanlara görə, adı işdə, özləri məktəbdə olmayan 100 nəfər müəllimin adına yazılan dərslərin pulu, yəni dövlət büdcəsindən ayrılan vəsait L.Ağayeva tərəfindən mənimsənir.

Dərsə davamiyyət çox zəifdir. Direktorun katibəsi tələbələrə lazım olan arayışların verilməsi üçün onlardan 10 və 20 manat alır.

İddialara görə, L.Ağayeva qabiliyyət imtahanları üçün hər abituriyentdən 1000-2000 manat alır. Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Oxunub: 1 501





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69