Nazirin kadrı Elmar Vəliyevin əlaltısına çevrilib? - filarmoniya düyünü açılır...

Nazirin kadrı Elmar Vəliyevin əlaltısına çevrilib?
Gəncənin qənimi icra başçısı Elmar Vəliyevdirsə, mədəniyyətinin qənimi Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyevdir

FİA.Az-ın feysbuk üzərindən məlumatına görə,
Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərovun vəzifəsindən getməsində S.Hacıyevin az rolu olmadığı iddia edilir.

Filarmoniyanın konsertlərinə biletin məktəblərə məcburi qaydada satılması və büdcə təşkilatlarına zorla sırınmasından S.Hacıyevin də tapşırığı olduğu deyilir.

O, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin diktəsi ilə yox, məhz Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişləri ilə hərəkətə etməkdədir.

Bəzi iddialar səslənir ki, S.Hacıyev filarmoniyanın işlərinə müdaxilə edirmiş, eyni zamanda büdcə təşkilatlarını, mədəniyyət işçilərini çərlədirmiş.

Konsertlərə bileti satmaq ucbatından kitabxanalarda, mədəniyyət idarəsində işləyənlərin gününü “göy əskiyə büküb”.

Bütün bunlar isə S.Cəfərovun imicinə ciddi şəkildə zərər vurmaqdaydı. E.Vəliyevin əməllərinə dözməyərək mübahisə edib və istefa verib.

S.Hacıyev isə bu işlərdə rıçaqlardan biri olub. KİV-də gedən xəbərlərə görə, Mədəniyyət və Turizm İdarəsinin rəisi büdcə pullarını adı olub, özü olmayan klublara, kitabxanalara “xərcləyib”.

Gəncə Mədəniyyət və Turizim İdarəsi başda Sənan Hacıyev olmaqla, ölkənin ikinci paytaxtında nə mədəniyyət qoyublar, nə də turizm haqqında düşünürlər. Səbəb də budur ki, cənab Hacıyevin başı pul qazanmağa qarışıb.

Onu maraqlandıran sovet dövründə adı olub, indi isə özü olmayan kitabxanaları, klubları, mədəniyyət evlərinə ayrılmış pulları necə silməkdən ibarətdir.

Məlumatlarda qeyd edilir ki, Sənan Hacıyevin «gərgin əməyi» sayəsində bu gün İdarədə onlarla “canlı ölü” var.

FİA.Az xəbər verir ki, Gəncə Mədəniyyət və Turizm İdarəsində bütün tenderlərin qalibi “KƏPƏZ-11” MMC şirkəti olub. Bu şirkət həm bərk inventar alıb, həm dəftərxana ləvazimatı, həm də avadanlıqlar.

Bir şirkətin bu qədər çoxprofilli olması isə inandırıcı deyil. Güman ki, adıçəkilən şirkətdə Sənan Hacıyevin payı var.

Əks təqdirdə, bütün işlər onlara həvalə edilməzdi. E.Vəliyevi özünün naziri görən S.Hacıyev Ə.Qarayevi və nazirliyi saymır.

Hətta arxayındır ki, mədəniyyət idarəsi rəisi postundan kənarlaşdırılsa, icra başçısı ona vəzifə verəcək və Gəncədə maxinasiyaları, yığım işlərini davam etdirəcək.

Xatırladaq ki, 2015-ci ildə büdcədən ayrılmış vəsaitlərin böyük qismi mənasız işlərə sərf olunub.

Məsələn, idarənin sair xərcləri varmış və buna da 7500 manat pul gərəkirmiş. Və ya digər maşın və avadanlıqların alınması üçün ayrılmış 14,2 min manatın aqibətini bilənə mükafat veriləcək.

İndisə Gəncədə ən çox müzakirə olunan hadisə S.Cəfərovun istefası, E.Vəliyev-S.Hacıyev və digərlərinin bilet oyunlarıdır.

Yada salaq ki, xalq artisti tutduğu vəzifədən istefa verərək Gəncəni tərk edib. Bir neçə gündür Bakıya qayıdan Cəfərovun şəhər rəhbərliyi ilə münasibətləri gərginləşib.

İddialara görə, S.Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz edib.

E.Vəliyevlə yaşanan konflikt nəticəsində xalq artisti işləməyin mümkün olmadığını anlayıb və direktorluqdan gedib.

Olke.az yazıb ki, S.Cəfərov Gəncə rəhbərliyindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra istefa verib.

S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu. O, məsələylə bağlı danışmaq istəmədiyini bildirib.

Ancaq susması ilə iddiaları təsdiqləmiş olub. Çünki E.Vəliyev Gəncədə bütün təbəqələri boğaza yığmaqdadır.

Universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin E.Vəliyev tərəfindən məcburən flarmoniyada keçirilən bütün konsertlərdə iştirakına başlanıb.

Hər bir təhsil müəssisəsinə 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.

Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir.

Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.

Fia.Az

Oxunub: 2 374





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69